Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İstanbulda “Dünəndən bu günə erməni zülmü və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib

İstanbul, 28 fevral, AZƏRTAC

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İstanbulun Üsküdar Universitetində “Dünəndən bu günə erməni zülmü və Xocalı soyqırımı" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tarixboyu ermənilərin Türkiyə və Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri ardıcıl və düşünülmüş soyqırımı siyasəti haqqında məlumat verilib.
Faciə barədə danışan professor İbrahim Öztek bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya güclü hücum edib, şəhərdə yaşayış evləri dağıdılaraq yandırılıb və təqribən 2500 nəfər köməksiz Xocalı sakini şəhəri tərk edib. Lakin onlar azərbaycanlı-türk qanına susamış silahlı erməni quldurları ilə üz-üzə gəliblər. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər erməni vandalları tərəfindən misli görünməmiş amansızlıqla qətlə yetirilib. Bir gecənin içində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. O gecə 1275 sakin əsir götürülüb, 150 nəfər itkin düşüb. Biz Xocalı faciəsini və soydaşlarımıza qarşı törədilmiş bu kimi soyqırımlarını unutmamalıyıq.
Çıxışında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşünə yer ayıran professor İbrahim Öztek AZƏRTAC-ın məlumatına istinadla bildirib ki, yürüşdə 55 mindən çox insan iştirak edib. Yürüşdən fotoşəkilləri nümayiş etdirən professor diqqətə çatdırıb ki, bu birlik həm Azərbaycan xalqının Dağlıq Qarabağ problemi ilə bağlı qətiyyətli mövqeyinin, həm də xalqla iqtidarın həmrəyliyinin göstəricisidir.
Tədbirdə çıxış edən universitetin müəllimi, professor Atilla Öztek, baş konsulluğun vitse-konsulu Ramiz Hacızadə və digərləri Xocalı soyqırımı və bu qanlı hadisənin nəticələri barədə iştirakçılara məlumat veriblər. Xocalı soyqırımının dünyada tanıdılmasının vacibliyi vurğulanıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2019-02-28 20:58:00