×
A
A
A
Sazlamalar

Türkiyənin Bursa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

İstanbul, 28 fevral, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulluğunun və Uludağ Universitetinin birgə təşkilatçılığı ilə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyənin Bursa şəhərində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəl Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə çıxış edən baş konsulluğun konsulu Xəyyam Daşdəmirov, universitetin prorektoru Mehmet Yüce və bu ali təhsil ocağının professoru Selçuk Kırlı Xocalı soyqırımı haqqında iştirakçılara məlumat veriblər. Bildirilib ki, 27 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı soyqırımı aktı törədilib. Həmin gecə burada yaşayan yerli əhali vəhşicəsinə qətlə yetirilib. Bir çox insan əsir düşüb ki, onların taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Bu qanlı hadisənin dünya çapında tanıdılması, burada tələbələrin və sosial medianın rolunun vacibliyi vurğulanıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2019-02-28 19:39:00