×
A
A
A
Sazlamalar

Xocalı faciəsi qurbanlarının xatirəsi İordaniyada da anılıb

Bakı, 28 fevral, AZƏRTAC

Əmman şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin və ölkəmizin İordaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İordaniya şahzadəsi xanım Basma İrşid, İordaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri, parlamentin Yuxarı (Senat) və Aşağı (Nümayəndələr) palatalarının üzvləri, müxtəlif dövlətlərin İordaniyada akkreditə olunmuş səfirləri, bir sıra nazirliklərin məsul əməkdaşları, Əmman şəhər bələdiyyəsinin rəhbər işçiləri, Əmman şəhərində Heydər Əliyev küçəsi və meydanının yerləşdiyi Yeni Bədr rayonunun başçısı, sabiq baş nazirlər və Senat sədrləri, vaxtilə Azərbaycanda təhsil almış iordaniyalı tələbələr, mətbuat nümayəndələri, o cümlədən İordaniyanın “Petra” Dövlət Xəbərlər Agentliyinin, Dövlət Radio və Televiziya Müəssisəsinin, “7 STARS” telekanalının, “Əd-Dustur” qəzetinin rəhbər işçiləri, iş adamları və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
Çıxış edən İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İordaniya Senatın üzvü Mərvan əl-Hmud İordaniya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən, Kral II Abdullah ilə Prezident İlham Əliyev arasındakı şəxsi dostluq və qardaşlıq əlaqələrinin bu münasibətlərə müsbət təsirindən bəhs edib. O, Xocalı şəhərində dinc insanların vəhşicəsinə qətlə yetirilməsini, milli və dini dəyərləri əks etdirən abidələrin dağıdılmasını təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş qanlı cinayət adlandırıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Asiya ölkələri üzrə şöbə müdirinin müavini İsmayıl Ənsərli çıxışında Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Çıxış edən ölkəmizin İordaniyadakı səfiri Rasim Rzayev 27 il əvvəl işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsinin insanlığa qarşı cinayət və xalqımıza qarşı soyqırımı olduğunu bildirib. O, Xocalı soyqırımının ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri silsilə qırğınların davamı olduğunu və bu qətliamların işğalçı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətini əks etdirdiyini vurğulayıb.
Səfir erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü qeyd edib. Diplomat Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq təşkilatlar tərəfindən pisləndiyini, işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasının tələb olunduğunu, lakin Ermənistanın öz işğalçılıq niyyətlərindən əl çəkmədiyini, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdiyi qətnamələrə əməl etmədiyini bildirib. Səfir R.Rzayev İordaniya Senatının Xocalı soyqırımının tanınması və qətiyyətlə pislənməsi barədə sənəd qəbul etdiyini, habelə BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla bağlı keçirilən səsvermələrdə İordaniya tərəfinin daim dost mövqe nümayiş etdirdiyini məmnunluqla vurğulayıb, Kral II Abdullaha, İordaniya xalqına və hökumətinə minnətdarlığını ifadə edib.
Səfir R.Rzayev çıxışını xalqımızın ümummilli lideri Heydər Əliyevin “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideyalarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır” fikri ilə tamamlayıb.
Sonra Pakistanın İordaniyadakı səfiri Cenid Rəhmət, Türkiyənin bu ölkədəki səfiri Murat Karagöz, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, sabiq mədəniyyət naziri Saleh İrşidat, Tədqiqatlar və İnformasiya Məsləhətləşmələri üzrə “Ərəbçilik evi”nin ( “Dar əl-Arubə”) baş direktoru Sultan Haşim Xəttab, yazıçı-jurnalist, tarixçi, “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabının müəllifi Ömər əl-Armuti, İordaniyadakı Azərbaycan diasporunun nümayəndəsi Zümrüd Dadaşova çıxış ediblər. Çıxışlarda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti pislənilib, işğal edilmiş ərazilərdə ermənilərin özbaşınalığından danışılıb.
Daha sonra “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.
Tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar.
İştirakçılara Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar, səfirliyin hazırladığı press-relizlər paylanılıb.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam etdirilib.
Xocalı faciəsinin 27-ci ildönümü İordaniyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Xocalı faciəsi 2019-02-28 19:36:00