×
A
A
A
Sazlamalar

“Airbus” və “OneWeb” kosmosa 1 raketlə 6 peyk göndəriblər

Bakı, 28 fevral, AZƏRTAC

Çərşənbə günü “Airbus” və “OneWeb” şirkətləri Fransız Qvineyasından kosmosa 1 raketlə 6 peyk göndəriblər. Missiya Yerdəki milyonlarla insanın kosmosdan daha mükəmməl internet əlaqəsi ilə təmin edilməsinə kömək edəcək.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, raketin uğurla kosmosa göndərilməsi peyk xidməti sənayesində yeni mərhələnin başlanğıcıdır. İlon Maskın “SpaceX” şirkəti, habelə “LeoSat” və Kanadanın “Telesat” İKT nəhəngləri bu peyklərin ötürdüyü siqnallar əsasında lazer texnologiyaları və kompüter “çip”lərinin yeni nəslini yaradacaqlar. Bundan sonra daha kiçikölçülü və ucuz başa gələn peyklərin birlikdə kosmosa buraxılacağı da bildirilir.
“Teal Group”un analitiki Marko Kaseres bildirib ki, yaxın beş ildə bütün kommunikasiya texnologiyalarının yüksək səviyyədə işləməsi və inkişafı üçün 10 min peykin kosmik fəzaya göndərilməsi lazım gələcək.
Fransız Qvineyasından start götürən “The Arianespace Soyuz” raketi “Airbus-OneWeb” müştərək müəssisənin Fransanın Tuluza şəhərində istehsal etdiyi peykləri kosmosa çatdırıb. Peyklərin 1 000 kilometr hündürlükdə raketdən ayrılacağı, bunun da 24 saat ərzində baş verəcəyi bildirilir. Layihənin dəyəri 2 milyard dollardır. Sponsorlar arasında “Airbus”, “Coca-Cola”, “Qualcomm Inc”, “SoftBank” və “Virgin Group” var.

Texnologiya 2019-02-28 18:20:00