Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Aqiyə Naxçıvanlı: Oğuzda məskunlaşmış xocalılılar daim diqqət mərkəzindədir

Bakı, 28 fevral, AZƏRTAC

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Oğuz Rayon Mədəniyyət Mərkəzində Oğuzda məskunlaşmış Xocalı ailələri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə komitə sədri dövlətimizin başçısının Xocalı sakinlərinin sosial vəziyyətini diqqət mərkəzində saxladığını, onların məişət və digər problemlərinin həllinə yaxından kömək göstərildiyini deyib.
Aqiyə Naxçıvanlı bildirib ki, Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilib. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırılıb ki, XIX-XX əsrlərdə Azərbaycanın başına gətirilən bütün faciələr torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
Qeyd edilib ki, Ümummilli Liderin Xocalı soyqırımının tanıdılması istiqamətində gördüyü işlər hazırda Azərbaycan dövləti tərəfindən davam etdirilir. Buna bariz nümunə olaraq, bu il Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva öndə olmaqla 55 mindən çox Azərbaycan vətəndaşının paytaxt Bakının küçələri ilə Xocalı abidəsinin qarşısına yürüş etmələrini göstərmək olar. Burada əsas məqsəd Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, Xocalı soyqırımını de-yure tanıtmaq, tarixi ədalətin bərpasına nail olmaq və soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdən ibarətdir.
Sonra çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Oğuz rayon şöbəsi üzrə nümayəndəsi və Xocalı sakinləri tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının növbəti belə faciə ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda üzləşdiyini və xalqımızın yaddaşına əbədi həkk olunduğunu bildiriblər.
Daha sonra Aqiyə Naxçıvanlı bir daha vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onlar ehtiramla anılır və bu məqsədlə Ümummilli Liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Sonda Oğuz rayonunda məskunlaşmış Xocalı ailələrinə yardımlar təqdim edilib.

Xocalı faciəsi 2019-02-28 16:20:00