×
A
A
A
Sazlamalar

Dneprdəki soydaşlarımız dünya dövlətlərini Xocalı soyqırımını tanımağa çağırıblar

Dnepr, 28 fevral, AZƏRTAC
Ukraynanın Dnepr şəhərində yaşayan soydaşlarımızın və diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatı və “Dnepropetrovsk Azərbaycanlıları Liqası”nın birgə təşkilatçılığı ilə keçirilən mərasimdə Dnepr şəhər Şurasının nümayəndələri, diaspor təmsilçiləri, ziyalılar, tələbələr və jurnalistlər iştirak ediblər.
Xocalı soyqırımının dünyada tanıdılmasında diaspor üzvlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov çıxış edərək XX əsrin ən qanlı hadisələrindən biri olan Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu bildirib.
“Dnepropetrovsk Azərbaycanlıları Liqası”nın sədri Sərxoş İsmayılov, Müslüm Maqomayev adına Fondun rəhbəri Hafiz Aslanov, tarixçi-alim Eldar Tağıyev, diaspor fəalı Zöhrab Cəfərov və digərləri də çıxış edərək dünya dövlətlərini Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməyə çağırıblar. Natiqlər Xocalı soyqırımı barədə danışıb, onun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tərkib hissəsi olduğunu bildirib, işğalçı ölkənin həqiqətləri təhrif etmək istiqamətində apardığı fəaliyyətin qarşısının alınması üçün diaspor təşkilatlarımızın rolunun əhəmiyyətindən bəhs ediblər.
Sonra şagirdlər Xocalı soyqırımına aid kompozisiya nümayiş etdiriblər.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr

Qan yaddaşı 2019-02-28 13:45:00