Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanının və Körfəz ölkələrinin saytlarında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

Qahirə, 28 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının “Sabq-sa” və Körfəz ölkələrinin “Khlij.Today” xəbər saytında Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində soyqırımın törədildiyi, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1275 insanın əsir götürüldüyü və 150-sinin itkin düşdüyü diqqətə çatdırılır, faciədən əvvəl baş vermiş hadisələr və həmin qətliamın nəticələri barədə müfəssəl məlumatlar təqdim edilir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı dörd qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərarların qəbul edildiyini, lakin onların Ermənistan tərəfindən icra olunmadığını vurğulayır. Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırımına hüquqi və siyasi qiymətin verildiyi qeyd edilir.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında ədalətli həllinin vacibliyini önə çəkib, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə ümid olduğunu vurğulayır.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Qan yaddaşı 2019-02-28 11:58:00