Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hyustonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Vaşinqton, 28 fevral, AZƏRTAC 

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ABŞ-ın Hyuston şəhərində anım mərasimi keçirilib. Hyustonda fəaliyyət göstərən Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri, yerli sakinlər və tələbələr iştirak ediblər.
Mərasim faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Hyustonda yerləşən Azərbaycan Mərkəzi adından çıxış edən Toğrul Məmmədbəyov Xocalı faciəsi barədə tarixi faktları diqqətə çatdırıb, hər il keçirilən bu tədbirin Xocalıda törədilən hadisələrin unudulmaması, Xocalı həqiqətlərinin daha geniş yayılması, həmçinin faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Azad Aslanov Xocalı soyqırımı barədə danışıb, onun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tərkib hissəsi olduğunu bildirib, işğalçı ölkənin həqiqətləri təhrif etmək istiqamətində apardığı fəaliyyətin qarşısının alınması üçün diaspor təşkilatlarımızın rolunun əhəmiyyətindən bəhs edib. Həmçinin diqqətə çatdırılıb ki, Xocalıda törədilən qətliama hüquqi qiymətin verilməsi və cinayətkarların cəzalandırılması ədalətin təmin edilməsi ilə yanaşı, regionda sülhün bərqərar olması, eləcə də bu kimi əməllərin bir daha baş verməməsi baxımından əhəmiyyətlidir. O, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində özünün düşdüyü təcrid vəziyyətindən və nəticədə ölkə iqtisadiyyatının iflasa uğramasından danışıb, onun münaqişənin həlli prosesində konstruktiv mövqe tutmadıqca və işğal edilmiş əraziləri azad etmədikcə bu vəziyyətdən çıxmaq imkanının olmadığını vurğulayıb.
Türkiyənin Hyustondakı Baş konsulluğunun əməkdaşı çıxış edərək qardaş ölkənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib, Xocalı faciəsinin anılmasının və tanıdılmasının vacibliyinə toxunub, hər iki dövlətin üzləşdiyi təhdidlərə qarşı birgə mübarizənin zəruriliyindən danışıb.
Daha sonra tanınmış rejissor Şamil Nəcəfzadənin ekranlaşdırdığı və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Müharibə uşaqları” filmi nümayiş olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xocalı faciəsi 2019-02-28 09:00:00