×
A
A
A
Sazlamalar

Ukraynanın bir sıra kanallarında Xocalı soyqırımından bəhs edən film yayımlanıb

Poltava, 28 fevral, AZƏRTAC

Xocalı soyqırımının 27-ci ildönümü Ukrayna KİV-lərində geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Poltava şəhərinin “İRT” və “MİSTO +” televiziya kanalları Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı barədə çəkilmiş film nümayiş etdirib. Ölkəmizin Poltavadakı fəxri konsulluğunun təşəbbüsü ilə yayımlanan filmdə erməni silahlı birləşmələrinin son iki əsrdə Azərbaycanda həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasəti, xüsusilə 27 il bundan əvvəl Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri dəhşətli qətliam tarixi faktlarla Ukrayna ictimaiyyətinə çatdırılıb.
Bundan başqa, Ukraynanın “Pravdatut” və “FAKT” informasiya portalları fevralın 26-27-də Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyevin Xocalı soyqırımı ilə əlaqədar yazdığı məqalələri yayımlayıb.
Müəllif məqalələrdə ermənilərin xarici havadarlarının dəstəyinə arxalanaraq Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, işğal nəticəsində bir milyondan çox azərbaycanlının öz doğma yurdundan didərgin salındığını bildirib.1992-ci fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalı şəhərini yerlə yeksan etməsini insanlığa qarşı törədilmiş ən qanlı cinayət adlandırıb. Müəllif əminliklə qeyd edib ki, hərbi və iqtisadi qüdrətinə görə bölgənin lider dövlətinə çevrilən müstəqil Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Xocalı soyqırımını törədənlərin beynəlxalq ədalət məhkəməsi tərəfindən cəzalandırılmasına nail olacaq.
Qeyd edək ki, Ukraynanın “Pravdatut” televiziya kanalı isə fevralın 25-dən 28-dək hər axşam Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı filmini nümayiş etdirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Poltava

Xocalı faciəsi 2019-02-28 03:04:00