×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın xüsusi müxbiri “Türkiyənin səsi” radiosunda Xocalı soyqırımının səbəb və nəticələrindən danışıb

İstanbul, 27 fevral, AZƏRTAC

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar TRT-nin “Türkiyənin səsi” radiosunda çıxış edib.
AZƏRTAC xəbər verir ki, tanınmış jurnalist Sevda Mirzənin aparıcılığı ilə yayımlanan verilişdə S.Şahtaxtı Xocalı soyqırımının səbəb və nəticələri, saxta “böyük Ermənistan” ideologiyasının məqsədləri, erməni diaspor təşkilatlarının fəaliyyət istiqamətləri və s. barədə sualları cavablandırıb.
Verilişdə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından da bəhs olunub. AZƏRTAC-ın təmsilçisi tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb ki, XX əsrin əvvəllərində qazı Mustafa Kamal Atatürk, Kazım Qarabəkir Paşa, Behbud bəy Şahtaxtinski və digərlərinin Naxçıvanı xilas etmək kimi şərəfli missiyalarını ötən əsrin sonunda ulu öndər Heydər Əliyev təkbaşına həyata keçirib. Naxçıvanın xilasında Türkiyə dövləti, hökuməti və xalqı yaxından iştirak edib. Bildirilib ki, əgər Heydər Əliyev 1993-cü ildə doğma xalqının imdadına çatmasaydı Azərbaycan bir dövlət kimi yox ola bilər və bu arzuolunmaz hal Türkiyəyə də problemlər gətirərdi.
Verilişdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində görülən işlər barədə dinləyicilərə məlumat verilib.

 

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2019-02-27 23:01:00