Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xorvatiyada Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb

Zaqreb, 27 fevral, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə səfirlikdə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edən səfir Fəxrəddin Qurbanov Xocalı faciəsi barədə geniş məlumat verib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Xocalı tamamilə dağıdılıb, onun dinc əhalisinə qarşı soyqırımı həyata keçirilib. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
F.Qurbanov məlumat verib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Diplomat bildirib ki, dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş olunub.
Tədbirdə Xorvatiya Parlamentinin deputatı V.Kaytazi, ictimai xadimlər, Xorvatiyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

Xocalı faciəsi 2019-02-27 21:31:00