×
A
A
A
Sazlamalar

Azərbaycanın İrandakı səfirliyində Xocalı soyqırımı qurbanları yad edilib

Tehran, 27 fevral AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayan mərasimdə İran Xarici İşlər Nazirliyinin rəsmiləri, Tehranda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Səfir Bünyad Hüseynov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Xocalıda törədilən qətliam, Dağlıq Qarabağda azərbaycanlılara məxsus tarixi, dini və mədəni abidələrin məhv edilməsi haqqında geniş məlumat verib.
Qeyd olunub ki, erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim Azərbaycan şəhəri olan Xocalını mühasirəyə alaraq misli görünməmiş soyqırımı həyata keçiriblər. Uşaqlara, qadınlara və qocalara rəhm etməyən erməni silahlı birləşmələri 613 nəfəri xüsusi qəddarlıqla öldürüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idilər. Faciə zamanı 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub. Onlardan 76 nəfəri hələ yetkinlik yaşına çatmamışdı. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyindən indiyədək heç bir məlumat yoxdur.
Səfirliyin müşaviri Cavid Musayev çıxış edərək, son dövrlər ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti dünyada pislənilir, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir. Artıq dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin çıxış edərək Xocalı şəhidlərinə uca Allahdan rəhmət diləyib, ölkəmizdə işlədiyi müddətdə faciə barədə eşitdiklərindən və gördüklərindən danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını regionun təhlükəsizliyinə və inkişafına ən böyük maneə adlandırıb. M.Pakayin İranın münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib.
İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının baş katibinin müavini Əli Əsgər Məhəmmədi çıxış edərək, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilat olduğunu bildirib. O, İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “İKGF və İƏT Parlament İttifaqı arasında əməkdaşlıq” haqqında qəbul edilmiş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verildiyini söyləyib. Bütün müsəlman ölkələrini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını və Xocalı faciəsini soyqırımı aktı kimi tanımağa çağırıb.
Sonda Bünyad Hüseynov xalqımızın kədərini bölüşmək üçün mərasimə toplaşanlara minnətdarlığını ifadə edib. Səfir Azərbaycan xalqının və Xocalı sakinlərinin beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verilməsini gözlədiklərini vurğulayıb.
Səfir qeyd edib ki, ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. O qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin mümkünlüyünü bildirir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasının, soyqırımı törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.
Tədbir zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış video və fotomateriallar paylanılıb. Həmçinin Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub.
Anım mərasimi İranın İSNA, İLNA, Xəbəre-e-Fori, Ava Diplomatic, Asiya News informasiya portallarında və Asiya qəzetində işıqlandırılıb. Həmçinin İranın tanınmış kütləvi informasiya vasitələrinə məxsus sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

 

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xocalı faciəsi 2019-02-27 20:49:00