×
A
A
A
Sazlamalar

Murmanskda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 26-da Murmansk “Azərbaycan” Mədəniyyət Mərkəzi” vilayət ictimai təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Rusiya Federasiyasının Murmansk vilayəti üzrə bölməsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
Mərasimdən əvvəl iştirakçılar Xocalı faciəsinə həsr edilmiş fotosərgi və kitab sərgisinə baxıblar. Murmansk sakinləri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında nəşrlər, disklər, qəzet və jurnallarda dərc olunmuş məqalələrlə tanış olublar.
Murmansk “Azərbaycan” Mədəniyyət Mərkəzi” vilayət ictimai təşkilatının və RAGB-nin Murmansk vilayəti üzrə bölməsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, şəhərdəki Azərbaycan və digər diasporların nümayəndələrinin, yerli ictimaiyyətin, tələbələrin iştirak etdiyi tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə lentə alınmış “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Murmansk “Azərbaycan” Mədəniyyət Mərkəzi” vilayət ictimai təşkilatının sədri Afil Hüseynov, təşkilatın sədr müavini Hüseynəli Hüseynov, fəallar Vüsal İbrahimov, Qadir Hüseynov, Ağsaqqallar Şurasının sədr müavinləri Mirbaba Bədirov, Tariyel Əliyev və başqaları dəhşətli Xocalı faciəsinin səbəb və nəticələrindən bəhs ediblər. Qeyd olunub ki, BMT Təhlükəsizik Şurasının işğal olunmuş Dağlıq Qarabağın və ona bitişik rayonların azad olunması haqqında dörd qətnaməsi indiyədək Ermənistan tərəfindən yerinə yetirilmir.

Xocalı faciəsi 2019-02-27 20:29:00