×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Serov şəhərində də anılıb

Yekaterinburq, 27 fevral, AZƏRTAC

Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində fəaliyyət göstərən “Azərbaycan” İctimai təşkilatı Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğundan AZƏRTAC–a bildiriblər ki, tədbirdə baş konsul İlqar İskəndərov, “Azərbaycan” ictimai təşkilatının sədri Mirhəbib Ağalarov, Serov şəhər administrasiyasının rəhbəri Vasili Sizikov, Serov şəhərində nəşr olunan “Pervıy v Serove” jurnalının baş redaktoru Tamara Romanova, Sverdlovsk vilayəti Tibb kollecinin Serov şəhər bölməsinin rəhbəri Valentina Xvostantseva, Serov şəhərinin “Çulpan” Tatar-Başkir mədəniyyət mərkəzinin rəhbəri Rozaliya Sintsova, burada yaşayan həmvətənlərimiz və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən baş konsul İ.İskəndərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qanlı səhifələrindən, Xocalıda törədilmiş soyqırımından və erməni cəlladları tərəfindən Azərbaycanın işğal olunmuş şəhər və kəndlərdə törədilmiş vəhşiliklərdən ətraflı bəhs edib.
M.Ağalarov və digər həmvətənlərimiz tədbirdə çıxış edərək Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş böyük hərbi cinayət olduğunu bildirib, dünya ölkələrini Xocalı faciəsinin soyqırımı kimi tanınmağa çağırıblar.
Tədbirin sonunda Azərbaycan diasporunun gənc nümayəndələri Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndiriblər.
Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq

Xocalı faciəsi 2019-02-27 19:37:00