×
A
A
A
Sazlamalar

Britaniya parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO

London, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Britaniya parlamentinin İcmalar Palatasında dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Milli Məclisin Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Bob Bləkmən, eləcə də İcmalar və Lordlar Palatasının bir sıra üzvləri, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, Britaniyadakı Azərbaycan diasporunun fəalları və azərbaycanlı tələbələr iştirak ediblər.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bob Bləkmən dəyirmi masada çıxış edərək bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələrə hər zaman önəm verir. Deputat deyib: “Biz Azərbaycanın kədərini bölüşürük. Hər zaman Azərbaycana dostluq əlimizi uzatmağa çalışmışıq. Xocalı faciəsinin ildönümündə də Azərbaycanın yanındayıq. İşğal altındakı torpaqlarınızın tez bir zamanda azad olmasını arzulayırıq. Xocalı faciəsinin qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı diləyirik”.
Sonra Cavanşir Feyziyev Xocalı faciəsinə həsr olunan tədbirlərin keçirilməsi ənənəsini davam etdirdiklərinə görə Britaniya parlamentinin üzvlərinə təşəkkür edib. Deputat Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək münaqişənin tez bir zamanda həllinin təkcə Azərbaycan deyil, bütünlükdə region üçün yaxşı nəticələr verəcəyini nəzərə çatdırıb.
Səfir Tahir Tağızadə tədbirdə çıxış edərək Xocalı soyqırımı barədə məlumat verib. O, Xocalıda baş verənlərin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada müəyyən olunan şərtlərin demək olar ki, hər birinə cavab verdiyini söyləyib. Səfir dəyirmi masa iştirakçılarına münaqişə üzrə beynəlxalq vasitəçilik səyləri, sülh danışıqlarının tarixi, o cümlədən son vəziyyəti, 2018-ci ilin sentyabr və dekabr aylarında baş tutan danışıqlar barədə məlumat verib.
Dəyirmi masada iştirak edən Vestminister Şəhər Şurasının azərbaycanlı üzvü Murad Həsənli münaqişənin 30 ilə yaxın müddətdə davam etməsini və erməni siyasətçilərin hətta növbəti ekspansiya üçün Naxçıvanı hədəflədiyini xatırladaraq Ermənistanın münaqişənin sülh yolu ilə həlli üçün hər hansı önəmli addımlar atacağına şübhə ilə yanaşdığını qeyd edib.
Azərbaycan diasporunun üzvü Kamran Balayev çıxışı zamanı bir neçə il öncə Britaniya parlamentində Ermənistan üzrə qrupun üzvlərinin qondarma rejimin “başçısı” Baho Saakyanı parlamentə dəvət etməsinin Britaniya hökumətinin mövqeyi ilə uzlaşmadığını diqqətə çatdırıb.
Lordlar Palatasının üzvü Lord Kilkluney münaqişənin həlli istiqamətində heç bir irəliləyiş olmadığına təəssüfləndiyini vurğulayıb.
Dəyirmi masa sual-cavab formatında davam etdirilib.

 

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xocalı faciəsi 2019-02-27 17:41:00

Video