×
A
A
A
Sazlamalar

“Jewish Journal”da Xocalı hadisələri şahidinin məqaləsi dərc olunub

Vaşinqton, 27 fevral, AZƏRTAC 

Amerikanın “Jewish Journal” nəşrində Xocalı qırğınının möcüzə nəticəsində sağ qalmış şahidi Dürdanə Ağayevanın Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, müəllif həyatının Xocalıda keçmiş illərindən və 1992-ci ildə ermənilərin bu şəhərdə törətdikləri dəhşətli qırğından, həmçinin onun erməni hərbçiləri tərəfindən əsir götürülməsi və ağır işgəncələrə məruz qalmasından bəhs edir.
D. Ağayeva qeyd edir ki, erməni silahlı dəstələri tərəfindən 1992-ci il fevralın 26-na keçən gecə törədilmiş və 613 dinc sakinin qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı soyqırımından bir çox illər sonra o, yüz minlərlə həmvətəni kimi, ədalətin bərpa olunması, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməsini gözləyir.
Müəllif yazır ki, artıq uzun illər sonra real dəyişikliklər baş verməkdədir. Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra həmin ölkənin yüzlərlə günahsız azərbaycanlının ölümündə təqsirkar olan, həmçinin suveren Azərbaycanın ərazilərinin 20 faizinin işğalına və bu torpaqlarda aparılan etnik təmizləməyə görə məsuliyyət daşıyan rəhbərliyi dəyişdi. Hətta bugünədək hakimiyyətin zirvəsində olan və özlərini toxunulmaz hesab edənlər həbs olunub və istintaqa cəlb ediliblər. Hərçənd onlar Xocalı və Azərbaycan xalqına qarşı törətdikləri digər cinayətlərə görə həbs olunmayıblar, amma erməni xalqına qarşı cinayətkar əməllərinə görə məsuliyyətə cəlb ediliblər. “Bununla belə, bu, yalnız başlanğıcdır və ümidvaram ki, günlərin birində biz Xocalı canilərinin də məsuliyyətə cəlb edildiyini görəcəyik”, - deyə müəllif vurğulayır.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xocalı faciəsi 2019-02-27 14:28:00