Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Fransa azərbaycanlılarının assosiasiyaları Xocalı soyqırımı ilə əlaqədar Emmanuel Makrona məktub ünvanlayıblar

Paris, 27 fevral, AZƏRTAC

Fransa azərbaycanlılarının 10 assosiasiyasının rəhbərləri Xocalı qətliamı ilə bağlı Prezident Emmanuel Makrona məktub ünvanlayıblar.
AZƏRTAC xəbər verir ki, məktubda Xocalı qətliamı haqqında ətraflı məlumat verilir. Fransa Prezidentindən Xocalı qurbanlarının xatirəsinin yad edilməsi üçün “Anım günü” elan etməsi istənilir.
Qeyd edilir ki, dünyada törədilmiş digər genosidlərdən fərqli olaraq Xocalı soyqırımının müəllifi özü bu qanlı hadisədə birbaşa əli olduğunu etiraf edib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan britaniyalı jurnalistə Xocalı hadisələrini planlı şəkildə həyata keçirdiklərini, erməni silahlı qüvvələrinin bu cinayətdə rolunu açıq şəkildə etiraf edib. Bu, sonradan jurnalist Tomas de Vaalın “Qara bağ” kitabında göstərilib.
Məktubda uşaqlar, qadınlar və yaşlılar daxil olmaqla 613 azərbaycanlının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirildiyi, mindən çox insanın girov götürüldüyü diqqətə çatdırılır. Bildirilir ki, Xocalı qətliamı haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başladılıb. Bu beynəlxalq kampaniya çərçivəsində bəzi ölkələrin parlamentləri, eləcə də ABŞ-ın iyirmidən çox ştatı Xocalı qırğınını soyqırımı kimi tanıyıb. Eyni zamanda, ermənilərin azərbaycanlılara qarşı cinayətləri Avropa Şurası Parlament Assambleyası tərəfindən də pislənilib.
“Ümid edirik ki, Fransa bu beynəlxalq kampaniyadan kənarda qalmayacaq və Xocalı şəhərində törədilmiş kütləvi qırğına ədalətli şəkildə siyasi və hüquqi qiymət verəcək. İnsan hüquqlarının vətəni olan, müharibə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərin qurbanlarının xatirəsinin yad edilməsinə xüsusi əhəmiyyət verən Fransa Xocalıdakı kütləvi qırğını genosid kimi tanıyacaq və bu faciəvi hadisələrin qurbanlarının xatirəsini yad etmək üçün “Anım günü” müəyyən edəcək”, - deyə məktubun müəllifləri bildirirlər.
Məktubda vurğulanır ki, Xocalı qırğını Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün nəticəsidir. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu, yəni, ölkə ərazisinin 20 faizini işğal edib. Bir milyondan çox azərbaycanlı bu təcavüzün qurbanı olaraq doğma yurdlarından didərgin düşüb. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində həyata keçirdiyi etnik təmizləmədən qurtulan azərbaycanlılar ümid edirlər ki, onlar ədalətin bərpa olunduğunu görəcəklər. Xocalı müasir tarixin qanlı səhifəsidir. Xocalı soyqırımının tanınması, onun qurbanlarına münasibətdə ədalət nümunəsi xalqlarımızı birləşdirən dostluğun sübutu olacaq.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Qan yaddaşı 2019-02-27 13:51:00