Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Efiopiyanın Beynəlxalq Liderlik İnstitutunda Xocalı soyqırımından danışılıb

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycanın Efiopiyadakı səfirliyinin təşkilatçılığı ilə Efiopiyanın Beynəlxalq Liderlik İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş geniş anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İnstitutun rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə çıxış edən səfir Elman Abdullayev Xocalı soyqırımının XX əsrdə insanlıq əleyhinə törədilmiş ən ağır və qanlı cinayətlərdən biri olduğunu qeyd edərək, Xocalı faciəsi barədə iştirakçılara ətraflı məlumat verib. Səfir Xocalı soyqırımını işğalçı və cinayətkar erməni siyasətinin nəticəsi, ermənilərin mənfurluğunu, aqressivliyini və şovinizmini nümayiş etdirən tarixi gerçəklik olduğunu da diqqətə çatdırıb.
Səfir E.Abdullayev Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində geniş və əhatəli iş aparıldığını, nəticədə Xocalı faciəsinin bir sıra ölkələrin parlamentləri və ABŞ-ın 20-dən çox ştatı tərəfindən rəsmən tanındığını və qınanıldığını vurğulayıb.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş Xocalı soyqırımına dair film nümayiş etdirilib.
Tədbirin sonunda efiopiyalı iştirakçılar “Xocalıya ədalət!” şüarı qaldıraraq Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər.

Qan yaddaşı 2019-02-27 13:37:00