×
A
A
A
Sazlamalar

Xocalı qətliamını törədənlər gec-tez insanlıq qarşısında cavab verəcəklər

Zaltsburq, 27 fevral, AZƏRTAC

Avstriyanın Zaltsburq şəhərində Avstriya Azərbaycanlıları Cəmiyyəti tərəfindən Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı qətliamı barədə məlumat verib. Qeyd edib ki, 27 il bundan əvvəl törədilmiş soyqırımına hələ də beynəlxalq hüquqi qiymət verilməyib. Fərid Əzizov tədbirin ərsəyə gəlməsində göstərdiyi əməkdaşlıq və dəstəyə görə Salzburq Əlibəy Məscidi və Mədəniyyət Cəmiyyətinə, onun rəhbəri Cəfər Oruca təşəkkür edib.
F.Əzizov bildirib ki, törədilən bu cinayət bəşəriyyət tarixinin gördüyü ən utancverici ləkədir. Tarix heç bir hadisəni unutmur və mən inanıram ki, Azərbaycana qarşı bu soyqırımını törədənlər öz layiqli cəzalarını alacaqlar.
Tədbirdə iştirak edənlər erməni amansızlığını və vandalizmini qınayaraq, bu qətliamı törədənlərin gec-tez insanlıq qarşısında cavab verəcəklərini vurğulayıblar.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə Quran oxunub və ehsan süfrəsi açılıb.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Zaltsburq

Qan yaddaşı 2019-02-27 12:04:00