×
A
A
A
Sazlamalar

Əqli Mülkiyyət Agentliyinin kitabxanasında Xocalı soyqırımının qurbanları anılıb

Bakı, 27 fevral, AZƏRTAC 

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilib.
Toplantını giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümünün yüksək səviyyədə keçirildiyini qeyd edərək faciə qurbanlarının xalqımız tərəfindən daim ehtiramla yad olunacaqlarını bildirib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov İkinci Dünya müharibəsi dövründə xalqımızın nümayəndələri tərəfindən göstərilmiş qəhrəmanlıq nümunələrini diqətə çatdırıb və bu hadisələrin yaddaşlarda həkk olunduğunu qeyd edib. Kinorejissor “Dolu” filminin yaradılmasından, çəkiliş meydanında baş vermiş hadisələrdən də danışıb.
Tədbirdə kitabxananın direktoru Azadə Orucova və başqaları həmin dəhşətli gecədə baş verən hadisələri xatırladıb, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı şəhid olmuş qəhrəman övladlarımızı, o cümlədən kollektiv üzvlərinin qohumları olmuş şəhidləri böyük ehtiramla anıblar.

 

Xocalı faciəsi 2019-02-27 12:10:00