×
A
A
A
Sazlamalar

Kiyevdə Xocalı həqiqətlərindən danışılıb

Xırdalan, 27 fevral, AZƏRTAC

“Qarabağ Əlil-Döyüşçüləri” Futbol Federasiyasının və “Həmvətənlərə dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Ukraynanın Kiyev şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Futbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Ukrayna-Azərbaycan Alimlər Təşkilatının sədri, Ukraynanın Əməkdar təhsil işçisi, akademik Arif Quliyev tədbirdə çıxış edərək bildirib ki, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, 613 dinc sakini – qocaları, uşaqları, qadınları ağlasığmaz vəhşiliklə qətlə yetiriblər.
“Qarabağ Əlil-Döyüşçüləri” Futbol Federasiyasının rəhbəri Rövşən Quliyev Xocalı soyqırımı haqqında məlumat verərək deyib ki, faciədə öldürülən dinc sakinlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan əlavə, 487 nəfər yaralanıb, onlardan 76-sı uşaqlardır. O müdhiş gecədə 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
“Həmvətənlərə dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atıldığını və bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb.
Tədbirdə Xocalı həqiqətlərini əks etdirən bukletlər paylanılıb.

 

Qan yaddaşı 2019-02-27 10:52:00