×
A
A
A
Sazlamalar

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Strasburq, 27 fevral, AZƏRTAC
Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Xocalı qətilamının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Strasburqun tarixi məkanı olan “Motsart” konsert salonunda təşkil olunan tədbirdə Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpusun, Strasburqun akademik dairələrinin və yerli ictimaiyyətin nümayəndələri, Strasburq Universitetində təhsil alan tələbələrimiz və diasporumuzun təmsilçiləri iştirak ediblər.
Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı faciəsinin müasir Azərbaycan tarixində, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salındığını vurğulayıb. Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri tərəfindən günahsız sakinlərə qarşı soyqırımı aktının törədildiyini bəyan edən Fəxrəddin İsmayılov qadın, uşaq və qoca olmaqla 613 azərbaycanlının bir gecədə amansızlıqla qətlə yetirildiyini qeyd edib.
XX əsrin sonunda bu cür vəhşiliklərin qəbuledilməz olduğunu söyləyən səfir Fəxrəddin İsmayılov beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında, eləcə də Xocalı soyqırımı qurbanlarına münasibətdə ədalətin bərpa olunmasında daha qətiyyətli mövqe tutmağa səsləyib. O, dünya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Xocalı qurbanlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx və pianoçu Səidə Zülfüqarovanın ifasında soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Tədbir iştirakçılarına Xocalı qətilamı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verən broşürlər paylanılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Qan yaddaşı 2019-02-27 09:11:00