Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Boston şəhərində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Vaşinqton, 27 fevral, AZƏRTAC
ABŞ-ın Boston şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Mərasim Nyu-İnqland regionu və Massaçusets ştatında yaşayan Azərbaycan icmasının təşkilatçılığı və Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himninin oxunması ilə başlanan tədbirdə Bostonda yaşayan Azərbaycan icmasının aparıcı simalarından olan Mirkamran Abdullayev çıxış edib. O, Xocalı faciəsinin xalqımızın tarixində unudulmaz iz buraxdığını və erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş günahsız insanların xatirəsinin əbədi yaşayacağını bildirib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Orxan Zeynalov Xocalı soyqırımının xalqımızın qan yaddaşında hər zaman qalacağını, dünya ictimaiyyətinin sözügedən faciəyə düzgün hüquqi və siyasi qiymət verməsinin vacibliyini diqqətə çatdırıb. Bu xüsusda ABŞ-da yaşayan Azərbaycan icmasının da Amerika ictimaiyyəti üçün müvafiq maarifləndirici fəaliyyətinin xüsusi əhəmiyyəti vurğulanaraq, tədbirin təşkilinə görə Azərbaycan icmasına, həmçinin tədbirə dəstəyə görə Türkiyə tərəfinə minnətdarlıq edilib.
Türkiyə Respublikasının Boston şəhərindəki baş konsulu Ceylan Ərişən Xocalı faciəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərin heç vaxt unudulmayacağını, Türkiyə xalqının bu ağrılı gündə həmişə Azərbaycan xalqının yanında olacağını vurğulayıb.
Sonra ABŞ-da yaşayan istedadlı kinorejissor Şamil Nəcəfzadənin çəkdiyi və Xocalı faciəsinə üzvlərinə həsr olunmuş “Müharibə uşaqları” filmi nümayiş etdirilib.
Tədbirdə Türkiyənin Boston şəhərindəki konsulluğunun əməkdaşları, Türkiyə-Amerika İdarəetmə Komitəsinin (Turkish-Amerikan Steering Committee) rəhbəri doktor Halil Mutlu və TASC üzvləri, həmçinin Azərbaycan icmasının fəalları, Bostonda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xocalı faciəsi 2019-02-27 08:55:00