Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İstanbulda erməni terrorizmi və səbəbləri haqqında danışılıb

İstanbul, 27 fevral, AZƏRTAC

İstanbulda Avrasiya Strateji Araşdırmalar Mərkəzində (ASAM) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Gənclərinin İstanbul Hərəkatının (AGİH) təşəbbüsü və təşkilatçılığı, ASAM-ın dəstəyi ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Xocalı soyqırımını əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş etdirilib, faciə qurbanlarının xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edən AGİH-in rəhbəri Rəşad Rza erməni terrorizminin kökü və yaranma səbəbləri haqqında danışıb. O, Azərbaycanla qardaş ölkə Türkiyənin erməni terrorizminə qarşı birgə mübarizəsinin əhəmiyyətini vurğulayıb, hər iki ölkə gənclərinin buradakı rolunun vacibliyini qeyd edib.
Digər çıxış edənlər ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş qətliamlar və bu cinayətlərə dair faktların dünya miqyasında tanıdılmasında sosial medianın gücündən danışıblar.
Anım mərasimində ictimai birliklərin nümayəndələri, baş konsulluğun əməkdaşları, tanınmış elm adamları, yazıçılar, KİV nümayəndələri və tələbələr iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2019-02-27 06:37:00