×
A
A
A
Sazlamalar

Braziliyanın xəbər portalı Xocalı soyqırımından yazır

Bakı, 27 fevral, AZƏRTAC
“Embassy Brasilia” xəbər portalında Braziliyada, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ilk mütəxəssis olan João Ricardo Guilherme Zimmer Xavierin “Xocalı: bir qətliamın 27-ci ildönümü” (Khojaly: 27 anos de uma carnificina) sərlövhəli məqaləsi yerləşdirilib.
Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, xüsusən Xocalı soyqırımına dair ətraflı məlumat verilib. Vurğulanıb ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) dörd qətnaməsi qəbul edilərkən Braziliya BMT TŞ-nin qeyri-daimi üzvü olub.
Müəllif xüsusilə qeyd edib ki, 27 il əvvəl Xocalı şəhərində fevralın 25-dən 26-na keçən gecə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 dinc sakin qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.
Məqalədə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Xocalı qırğını ilə bağlı sözlərini sitat gətirən müəllif soyqırımının nifrət motivi ilə törədildiyini yazıb. Məqalənin tam mətnini aşağıda qeyd edilən linkdən oxumaq mümkündür: http://embassybrasilia.com.br/site/khojaly-27-anos-de-uma-carnificina/ 

Xocalı faciəsi 2019-02-27 05:16:00