Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şahin Həsənli: Xocalı faciəsinin ağrı-acısını hər birimiz hiss etməliyik

Bakı, 26 fevral, Nicat Məmmədov, AZƏRTAC

Xocalı faciəsinin ağrı-acısını hər birimiz hiss etməliyik. İnsan ruhən böyüdükcə, onun önəm verdiyi və qeyd etdiyi hadisələr də ruhuna mütənasib olaraq böyüyür. Xocalı bir millətin faciəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Məşədi Dadaş məscidinin imamı hacı Şahin Həsənli deyib.
İlahiyyatçı alim deyib ki, Azərbaycan tarixinin son 200 ilində xalqımız ermənilər tərəfindən dəfələrlə təcavüzə məruz qalıb. Lakin Xocalıda törədilən soyqırımı miqyasına və amansızlığına görə xüsusilə seçilir. Böyük bir dövlətin ordusunun dəstəyi ilə ermənilər bütöv bir şəhərin əhalisini qətlə yetiriblər.
“Xocalı soyqırımının qeyd olunması iman və mənəviyyat borcudur”, - deyən hacı Şahin Həsənli həmin hadisənin şahidləri ilə tez-tez ünsiyyətdə olduğunu bildirib: “İcmamız iki xocalılı ailəyə yardım edir. Onlarla görüşürük və xatirələrini dinlədikcə ürəyimiz qanla dolur. Bu faciə olsa da, bir qəhrəmanlıq salnaməsidir. Böyük nailiyyətlər əldə edən xalqlar öz hədəflərinə çatmaq üçün qurban verirlər. Burada yığışmaqla biz qəhrəmanlıq ruhiyyəsini yaşadırıq. Mən şəhidlərin dəfnində iştirak edirdim və xalqımızın Qarabağı azad etmək əzmində olduğunu görürdüm”.
Qeyd edək ki, Məşədi Dadaş məscidində keçirilən anım mərasimində soyqırımı qurbanlarının ruhuna Qurandan surələr oxuyub. Mərasim şəhidlərimiz üçün ehsan süfrəsi ilə başa çatıb.

Xocalı faciəsi 2019-02-26 22:30:00