×
A
A
A
Sazlamalar

“Ana harayı” abidəsini ziyarət etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur

Bakı, 26 fevral, AZƏRTAC
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin və Azərbaycan Respublikası “Beynəlmiləlçı Əlil Döyüşçülər” Fondunun kollektivinin, Xocalı sakinlərinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə təşkilatın qərargahı qarşısında tədbir keçirilib. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, sədr müavini Məcid Məmmədov çıxışında Xocalı soyqırımı haqqında statistik məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədiblər. O qanlı gecədə 613 nəfər öldürülüb. Onların arasında 63 uşaq, 106 qadın olub. Habelə 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib.
“Beynəlmiləlçı Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmadığını təəssüflə qeyd edib.
Tədbirdə Qarabağ müharibəsinin əlili Vüqar Əskərov, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov, birliyin hüquqşünası Azər Səfərov və başqaları çıxış ediblər. Çıxışlarda “Ana harayı” abidəsini ziyarət etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğu vurğulanıb.

Xocalı faciəsi 2019-02-26 22:32:00