×
A
A
A
Sazlamalar

Misir mətbuatında Xocalı soyqırımı ilə bağlı məlumatlar yerləşdirilib

Qahirə, 26 fevral, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyinin mətbuat attaşesi Emil Rəhimovun Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı müsahibəsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik “Asiyaelyoum” xəbərlər agentliyinin saytında, “Al-Masriyya”, “Əl-Omah” qəzetlərində və İslam Əməkdaşlıq Təşkilatının Jurnalistlər Assosiasiyasının xəbərlər portalında dərc edilib.
AZƏRTAC xəbər verir ki, E.Rəhimov müsahibədə Xocalı soyqırımının bütün vəhşiliklərini xatırladaraq, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmalarının vacibliyini bildirib, hazırkı Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yarandığını vurğulayıb. E.Rəhimov XX əsrin ən dəhşətli qətliamı olan Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşından silinməyəcəyini, bu soyqırımını tanıyan ölkələrin sayının getdikcə artdığını, beynəlxalq ictimaiyyət tərəfindən tam şəkildə tanınanadək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində lazımi tədbirlərin görüləcəyini deyib.
Ermənilərin dinc Azərbaycan əhalisinə qarşı tarixən törətdikləri cinayətlər - 1905-1907-ci illər, 1918-ci il 31 mart soyqırımı, 1988-ci ildən başlayan təcavüzlər barədə danışan E.Rəhimov Xocalı soyqırımının tarixi aspektlərinə toxunub. İlk dəfə 1994-cü ildə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini vurğulayan mətbuat attaşesi, Ulu Öndərin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasının xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirildiyini bildirib.
Müsahibə zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunun hüquq və normalarına, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında ədalətli həllinin vacibliyi önə çəkilib.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xocalı faciəsi 2019-02-26 21:33:00