×
A
A
A
Sazlamalar

ISESCO Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Rabat, 26 fevral, AZƏRTAC
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Xocalı şəhərində Ermənistanın törətdiyi vəhşiliklər və bəşəriyyətə qarşı cinayət sayılan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycri beynəlxalq ictimaiyyəti bu nifrət və irqçiliyin təzahürü olan ağır cinayəti pisləməyə çağırıb.
ISESCO-nun baş direktoru beynəlxalq ictimaiyyəti Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməsinə məcbur etməyə çağırıb.
Baş direktor qeyd edib ki, Birinci Dünya müharibəsində baş vermiş vəhşiliklər və bəşəriyyətə qarşı cinayətlər 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunmuş Xocalı və Qarabağ bölgəsinin digər şəhər və kəndlərində yenidən törədilib. O, faciənin XX əsrin son onilliyində baş verən soyqırımı cinayətlərindən biri olduğunu bir daha ifadə edib.
ISESCO-nun baş direktoru beynəlxalq ictimaiyyəti dünyada sülhün və təhlükəsizliyin qorunması naminə Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməsinə məcbur etmək üçün məqsədyönlü fəaliyyətin aparılmasına çağırıb.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Xocalı faciəsi 2019-02-26 21:21:00