×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı İstanbulda izdihamlı yürüş keçirilib

İstanbul, 26 fevral, AZƏRTAC

XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı fevralın 26-da Türkiyənin İstanbul şəhərində izdihamlı yürüş keçirilib. Yürüş Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbulun Bağçılar Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, yürüşdə Azərbaycandan gəlmiş nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin deputatları, ictimaiyyətin və KİV-lərin nümayəndələri, ölkəmizin İstanbuldakı baş konsulluğunun, Bağçılar Bələdiyyəsinin əməkdaşları iştirak ediblər.
Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqları, “Xocalı qətliamı. Unutmadıq, unutdurmayacağıq” sözləri, soyqırımı zamanı həlak olmuş insanların adları yazılmış plakatlar tutan yürüş iştirakçıları Bağçılar meydanından Azərbaycan Dostluq Parkına doğru hərəkət ediblər.
Yürüşün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, ermənilər tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım 27 il əvvəl Azərbaycanın Xocalı şəhərində insanlıq dramının yaşandığını bildirib. Qeyd edilib ki, bu faciə yalnız azərbaycanlılara deyil, bütün türk millətinə, insanlığa qarşı törədilən cinayətdir. Şamil Ayrım Xocalı qətliamı zamanı 613 günahsız insanın, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın xüsusi qəddarlıqla öldürüldüyünü, 1275 insanın əsir və girov götürülərək işgəncələrə məruz qaldığını xatırladıb. Bildirib ki, ermənilər əsirlər boyu Qarabağ torpağında bir çox qanlı cinayətlər törədiblər və tarixdə bunun sübutları var. Qarabağın, sadəcə, Azərbaycanın deyil, bütün türk dünyasının qanayan yarası olduğunu bildirən dostluq qrupunun rəhbəri bu qətliamı törədənlərin cəzalandırılmasının, haqq-ədalət qarşısında cavab verməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək Azərbaycanın artıq 30 ildir Cənubi Qafqazda sülh axtarışında olduğunu bildirib. Qeyd edib ki, 27 ildir biz Xocalıya ədalət axtarırıq. Bu müddət ərzində biz bu soyqırımının nəticələri, onun qurbanları barədə həqiqətləri dünyaya çatdırırıq. Əlbəttə, bu istiqamətdə əldə etdiyimiz nəticələr var. Türkiyə Respublikası və türk xalqının dəstəyi ilə biz dünyanın böyük bir qisminə bu qətliamın həqiqətlərini çatdıra bilmişik. Türkiyə də daxil olmaqla dünyanın demək olar ki, bütün dövlətləri Xocalıda nələrin baş verdiyini bilirlər. Bu günədək dünyanın 10-dan çox ölkəsi, ABŞ-ın 22 ştatı Xocalıda baş verənləri soyqırımı kimi tanıyıb. Biz Xocalı soyqırımının səbəb və nəticələrini daha geniş coğrafiyada tanıtmaq istiqamətində işlərimizi davam etdiririk. Xocalıya ədalət axtarışı Azərbaycanın dövlət siyasətidir və biz bu siyasəti artıq təkcə Azərbaycan deyil, Türkiyənin köməyi, türk xalqının iştirakı ilə həyata keçiririk. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2007-ci ildə Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Forumunda iştirak ediblər. Həmin toplantıdan sonra biz bir millət, iki dövlət olaraq diaspor qurumlarımızı birləşdirmişik və vahid diaspor siyasəti yürüdürük. Bu gün dünya ölkələrində azərbaycanlılar qədər türklər də Xocalıya ədalət uğrunda çalışırlar. Bu günlərdə Türkiyənin hər bir bölgəsində Xocalı qətliamı qurbanlarının xatirəsi yad edilir.
Digər çıxış edənlər Xocalıda törədilmiş soyqırımı haqqında tədbir iştirakçılarına məlumat veriblər. Qeyd edilib ki, orada insanlar azərbaycanlı və müsəlman olduqlarına görə qətlə yetiriliblər. Buna görə də Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütün türk və müsəlman dünyasına, eyni zamanda, insanlığa qarşı törədilmiş bəşəri cinayətdir.
Sonra tədbir iştirakçıları parkda inşa edilmiş “Xocalını unutma” abidəsinin önünə güllər düzüblər.
Xocalı soyqırımında qətlə yetirilmiş insanların sayına uyğun olaraq parkda 613 ağac əkilib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2019-02-26 21:14:00