×
A
A
A
Sazlamalar

Xocalı–27 il: şəkillərdən boylanan 613 şəhid

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən yürüş təkcə iştirakçılarının sayı ilə deyil, digər diqqətçəkən məqamlarla da yadda qalıb.
İzdihamın keçdiyi yolun üstündəki binalardan birinin divarlarında Xocalı şəhidlərinin böyüdülmüş fotoşəkilləri vurulub. Ermənilərin amansızlıqla qətlə yetirdikləri günahsız insanlar – aralarında uşaqların, qadınların və qocaların da olduğu 613 şəhid bu şəkillərdən sanki izdihama boylanır, ədalətin zəfər çalacağı günü gözləyir. Bu simalar və dəhşətli mənzərələr təkcə yürüş iştirakçılarına deyil, bütün azərbaycanlılara yaxşı tanışdır. Azərbaycan xalqı 27 ildir ki, bu amansız cinayəti törədənləri lənətləyir, 27 ildir ədalət axtarır.
Erməni cəlladları Xocalıda bir gecədə 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi hələ də bilinmir.
Azərbaycan xalqı faciənin 27-ci ildönümündə izdihamlı yürüşə çıxmaqla dünyanın diqqətini bir daha bu dəhşətli soyqırımına yönəltmək istəyir, yatmış vicdanların oyanacağına ümid bəsləyir. Yürüş iştirakçıları haqlı olaraq soruşurlar: “Ədalət haradadır?”.
Dünya ortada heç bir dəlil-sübut olmadığı halda uydurma erməni soyqırımına inanır, mifik hadisə üçün az qala göz yaşı axıdır. Xocalı soyqırımı isə günümüzün, ən yeni tariximizin göz qabağında baş vermiş reallığıdır. Monitorlarda nümayiş olunan dəhşətli səhnələr montaj olunmayıb, bu soyqırımı mif deyil. Yürüş iştirakçıları haqlı olaraq tələb edirlər ki, beynəlxalq ictimaiyyət miflə reallığı ayırd etsin, Xocalı faciəsini soyqırımı kimi tanısın.

Xocalı faciəsi 2019-02-26 21:15:00