×
A
A
A
Sazlamalar

Şəhidlərimizin xatirəsi Ankaradakı Xocalı soyqırımı abidəsi önündə ehtiramla anılıb

Ankara, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ankaranın Keçiörən rayonundakı Xocalı parkında anım mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi ilə Keçiörən bələdiyyəsinin birgə təşkilatçılığı əsasında keçirilən mərasimdə rəsmi şəxslər, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, Xocalı sakinləri, yerli əhali, qardaş ölkədə təhsil alan kursant və müdavimlərimiz, QHT və KİV təmsilçiləri iştirak ediblər.
“Unutmadıq, unutmayacağıq!” şüarı ilə keçirilən mərasim şəhidlərimizin ruhuna duaların oxunması ilə başlanıb.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak, Keçiörənin icra başçısı Uğur Bulud, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivar və Xocalı sakini Məmməd Nağıyev çıxış ediblər.
Xocalı soyqırımını ermənilərin xalqlarımıza qarşı törətdikləri cinayətlərin davamı olduğunu xatırladan səfir Xəzər İbrahim bildirib ki, ermənilər ötən əsrin əvvəllərində Anadolunun başqa yerlərində olduğu kimi, Türkiyənin Kahramanmaraş şəhərində də Xocalıdakı kimi ağır cinayətlər törədiblər. Səfir vurğulayıb ki, gələcəkdə belə faciələri bir daha yaşamamaq üçün Azərbaycan və Türkiyə qardaşlığı qorunmalı, dövlətlərimiz güclü və qüdrətli olmalıdır.
Türkiyədə Azərbaycan şəhidlərinin Çanaqqala, Sarıqamış və bütün digər şəhidləri ilə eyni məhəbbətlə yad olunduğunu diqqətə çatdıran bələdiyyə sədri Mustafa Ak Xocalı soyqırımının kədərinin sağalmaz yara olduğunu deyib. Bələdiyyə sədri qeyd edib ki, hər zaman qardaş Azərbaycanın yanında olan Türkiyə insanlıq əleyhinə bütün cinayətləri qınayır və lənətləyir.
Dünyada baş verən münaqişələrin əksəriyyətinin müsəlman və türk xalqlarına qarşı ayrı-seçkilik siyasətinin nəticəsi kimi dəyərləndirən Necdət Ünivar bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycana yox, bütün türk dünyasına, müsəlman aləminə, bəşəri dəyərlərə qarşı cinayətdir. Bu cinayəti törədənlərin cəzalandırılması, Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması dünya birliyinin insanlıq qarşısında borcudur.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu ölkə əhalisinin rəzil vəziyyətə düşdüyünü diqqətə çatdıran icra başçısı Uğur Bulud vurğulayıb ki, Azərbaycan mövcud işğal faktına baxmayaraq, gündən-günə qüdrətlənir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprel ayında düşmənə göz dağı çəkib. İşğal altındakı torpaqlarımızın bir qisminin rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunduğunu xatırladan Uğur Bulud bildirib ki, Azərbaycanın bütün uğurları qardaş ölkədə sevinclə qarşılanır. Torpaqlarımızın azad olunması düşməndən alınan ən layiqli qisas olacaq.
Erməni silahlı birləşmələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdiyi cinayətlər barədə gördüklərini bölüşən Xocalı sakini Məmməd Nağıyevin sadaladığı dəhşət saçan faktlar iştirakçılar tərəfindən hiddətlə qarşılanıb.
Çıxışlarda 27 il əvvəl Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən insanlıq əleyhinə cinayətin səbəb, məqsəd və dəhşətli nəticələri barədə müfəssəl məlumat verilib. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı XX əsrdə insanlıq əleyhinə törədilən ən ağır cinayət kimi tarixə silinməz ləkə salıb. Sülhsevər dünya ictimaiyyəti Xocalı faciəsini soyqırımı aktı kimi tanımalı, bu bəşəri cinayəti törədənlər cəzalandırılmalı və ikili standartlara son qoymaqla dünyada sülhü və əmin-amanlığı təmin etməlidir.
Çıxışlardan sonra parkdakı Xocalı soyqırımı abidəsi önünə əklillər qoyulub, gül dəstələri düzülüb.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2019-02-26 21:03:00