×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmə modeli keçiriləcək

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına dəstək məqsədilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) Bakıdakı Avrasiya Regional Mərkəzi bu il faciəyə dair beynəlxalq məhkəmə modeli təşkil edəcək.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, bu barədə faciənin 27-ci ildönümü ərəfəsində forumun Avrasiya Regional Mərkəzi İdarə Heyətinin iclasında qərar qəbul olunub. Qərara əsasən, mərkəz bu ildən “Ədalət” adlı beynəlxalq məhkəmə modeli layihəsinin icrasına başlayır. Gənc diplomat və hüquqşünaslar üçün nəzərdə tutulmuş layihə çərçivəsində insanlığa qarşı cinayət və ədalətsizliklər əsasında seçilmiş mövzular üzrə beynəlxalq məhkəmə simulyasiyaları təşkil olunacaq.
Bu barədə məlumat verən İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev bildirib ki, idarə heyətinin qərarı ilə “Ədalət” beynəlxalq məhkəmə modelinin builki mövzusu “Xocalı soyqırımı və dünya ədalət sistemi” seçilib.
E.Mehdiyev deyib ki, Mərkəzin beynəlxalq idarə heyəti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən və İƏT Gənclər Forumunun fəal iştirak etdiyi “Xocalıya Ədalət!” kampaniyasının beynəlxalq ədalət prinsiplərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində nailiyyət və təcrübəsini yüksək qiymətləndirib. Həmçinin məhkəmə modelinin əsas məqsədlərindən biri kimi kampaniyaya dəstək vermək haqqında qərar qəbul edilib.
Gələcəkdə layihə çərçivəsində İƏT ölkələrində beynəlxalq ədalətin pozulması ilə nəticələnən həm tarixi (1915-ci ildə ermənilərin Anadoluda törətdikləri cinayətlər), həm də müasir (Rohingyada törədilmiş etnik təmizləmə) məsələlər model məhkəmənin müzakirəsinə çıxarılacaq. Model zamanı həm Qərb, həm də İslam ölkələrindən olan gənc mütəxəssislər “model məhkəmə işi” ətrafında dərindən araşdırmalar aparıb, aşkarlanmış faktlar əsasında beynəlxalq hüquq sisteminə uyğun qərarlar qəbul edəcəklər.

Xocalı faciəsi 2019-02-26 20:41:00