×
A
A
A
Sazlamalar

Xocalı faciəsi xalqımızın sağalmaz yarasıdır

XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar izdihamlı yürüşlər və anım mərasimləri keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı... Kədər və faciə simvoluna çevrilmiş bu şəhərin adı 27 il əvvəl orada baş vermiş dəhşətli soyqırımından xəbərdar olan hər kəsin ürəyində dözülməz ağrı doğurur. Faciənin ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycanın bütün guşələrində izdihamlı yürüşlər və anım mərasimləri keçirilib.

Xocalı qurbanları “Ana harayı” abidəsi önündə anıldı

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən ümumxalq yürüşündə on minlərlə insan iştirak edib. Yürüş iştirakçıları “Ana harayı” abidəsinin qarşısından keçərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan izdihamlı yürüş, eyni zamanda, xalqımızın bu faciəni heç vaxt unutmayacağını göstərdi.
Aradan 27 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının Xocalı yarası sağalmayıb və yəqin ki, heç vaxt sağalmayacaq. Erməni faşistləri və onların havadarları aylarla mühasirədə saxladıqları Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yerlə-yeksan etdilər. Şəhərin dinc əhalisinə amansızlıqla divan tutuldu: 613 nəfər öldürüldü, 1275 nəfər əsir və girov götürüldü. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Girov götürülənlərdən 197-nin taleyi hələ də məlum deyil.

Acı xatirələr, düşmənə nifrət hissi və ədalətin təntənəsinə inam

Xocalı soyqırımının şahidləri, doğmalarını itirmiş insanlar, keçmiş döyüşçülər və ictimaiyyət nümayəndələri AZƏRTAC-a müsahibələrində acı xatirələri dilə gətirib, bu dəhşətli cinayətin təşkilatçılarına və icraçılarına dərin nifrət hissi ilə yanaşı, həm də onların gec-tez öz layiqli cəzalarını alacaqlarına inamlarını ifadə ediblər. Onlar əmin olduqlarını bildiriblər ki, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında dayanacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq. 

Müsahibələri təqdim edirik.

“Qaraqaya yaxınlığında amansız qətliamın şahidi olduq”

Keçmiş döyüşçü, Ağdamın Saybalı kənd sakini Cəfər Nuriyev: 

Fevralın 25-dən 26-na keçən gecə Xocalıdan ermənilərin şəhərə hücuma keçdiyi barədə məlumat gəldi. Mühasirəni yarıb xocalılılara kömək etmək üçün Əsgəran istiqamətinə yollandıq. Qaraqaya yaxınlığında amansız qətliamın şahidi olduq. Ermənilər bir cavan oğlanı balta ilə doğramış, bir kişinin başını kəsmişdilər. Ayaqları bağlanmış qadının bədəninə isə çoxlu bıçaq zərbələri vurulmuş və o, işgəncə ilə öldürülmüşdü...
Gördüyümüz dəhşətli mənzərəni sözlə ifadə etmək çətindir.
Erməni silahlıları ilə döyüşə girib, bəzi insanları mühasirədən çıxardıq. Əksəriyyəti qadın, qoca və uşaqlardan ibarət 70-dən çox Xocalı sakinini xilas edə bildik.

“Qaniçən ermənilər 8 yaxın qohumumu öldürdülər”

Xocalı sakini Zənurə Səlimova: 

Xocalı faciəsi baş verəndə iyirmi yaşım vardı. Bir neçə ay əvvəl ailə qurmuşdum. Yoldaşım döyüş postunda idi və gecə saat 12 radələrində ermənilərin Xocalını mühasirəyə aldığını xəbər verdi. O gecə çox dəhşətli hadisələrə şahid oldum. İyirmi yeddi il keçməsinə baxmayaraq, törədilən vəhşilik yadımdan çıxmayıb.
Qaniçən ermənilər 8 yaxın qohumumu qətlə yetirdilər, yaxınlarımızdan bəziləri əsir düşdü. Dayımı çox amansızlıqla öldürdülər. Qayınanam isə itkin düşdü. Bizim sağ qalmağımızda şəhid Milli Qəhrəman Əlif Hacıyevin müstəsna rolu olub. Onun sayəsində sağ-salamat Ağdama çatdıq. İnanıram ki, vaxt gələcək Xocalı soyqırımı qurbanlarının qisası alınacaq.

“Qızımı boynumdakı şərflə boğmaq istəyəndə, yalvardı ki, onu öldürməyim”

Xocalı soyqırımının şahidi Rahilə Hacıyeva: 

Həyat yoldaşım Vidadi hərbçi idi. Gecəsi-gündüzü cəbhə xəttində keçirdi. Fevralın 26-da soyuq qış gecəsinin səssizliyini güllə və mərmi səsləri pozdu. Ermənilər hər tərəfdən hücuma keçmişdilər. Biz 9 nəfər idik - üç uşağım, baldızım, Ayxan adlı polis, onun yoldaşı Fatimə və iki uşağı. Düşündüm ki, uşaqlarımı öldürüm, Ayxan da Vidadinin ona verdiyi 6 güllə ilə bizi vurar. 10 yaşlı qızımı boynumdakı şərflə boğmaq istəyəndə, yalvardı ki, onu öldürməyim. Özümü saxlaya bilməyib, hönkürtü ilə ağladım. Sonra evin yuxarı mərtəbəsindəki hamamda gizləndik. Ermənilər evlərin pəncərəsindən içəri qumbara atır, partlayışdan sonra hər yeri ələk-vələk edirdilər. Bizi tapdılar və əsir götürdülər. Ayxanı ölənədək döydülər. Onun son sözü bu oldu: “Məni bağışla Rahilə, Vidadinin istəyini yerinə yetirə bilmədim”. Sonra gözümüzün qarşısında Ayxanın başını kəsdilər, Fatiməni isə özləri ilə apardılar. Uşaqları bizimlə qaldı...
Sonra bizi maşına mindirib Əsgəran istiqamətinə apardılar. Maşın yolda dayandı. Ermənilər yenicə ailə quran iki azərbaycanlı gənci yolun ortasında dövrəyə almışdılar. Oğlanın həyat yoldaşı hamilə idi. Erməni əsgərləri qadının qarnını yarıb, uşağı çıxardılar. Oğlan qışqıraraq özünü həyat yoldaşının üstünə atanda, onu alnından vurdular. Mən orada huşumu itirdim, gözümü açanda gördüm ki, bir zirzəmidəyəm, burada çoxlu əsirlər vardı. Onlar azərbaycanlı əsgərlər və dinc sakinlər idi. Bizim əsgərlərdən biri məni tanıdı və dedi: “Vidadi də buradadır, sol tərəfdəki qapıdan xəlvətcə bax, görəcəksən. Amma bildirmə, yoxsa onu sənin gözünün qarşısında öldürəcəklər”. Qapıya yaxınlaşdım və gördüm ki, Vidadi al-qan içindədir. Mənə çox işgəncə verdilər, amma onu tanıdığımı boynuma almadım. Üç gündən sonra yoldaşımı aparıb erməni qəbri üstündə başını kəsdilər. Orada çoxlu azərbaycanlı əsgərlərin başını kəsərək, buldozerlə yerə basdırırdılar. Bunların hamısının şahidi olmuşam.
Bir həftə sonra bizi erməni əsgərinin meyiti ilə dəyişdilər. Əsir düşməsin deyə boğmaq istədiyim, amma qıymadığım qızım, nişanlı qız olan baldızım o dəhşətlərə dözmədilər, əsirlikdən qayıtdıqdan az sonra rəhmətə getdilər.

“Fevralın 26-sı bizim üçün ən ağrılı gündür”

Xocalı sakini Tahirə Hüseynova: 

Xocalı hadisəsi zamanı bütün xocalılılar kimi, mənim də yaxınlarım şəhid olub. Atamı, anamı, polis əməkdaşı olan qardaşımı, əmim qızını, digər qohumlarımızı itirmişik. Hazırda Xocalı soyqırımının 27-ci ildönümünü qeyd etdiyimiz fevralın 26-sı bizim üçün ən ağrılı gündür. Ötən 27 ildə biz bir dəqiqə də olsa bu faciəni unutmamışıq. Xocalı soyqırımı əsrin ən böyük faciəsidir. Tarixdə belə bir vandalizm olmayıb. Ermənilər qadınlara, uşaqlara, qocalara belə rəhm etmirdilər. Belə bir qəddarlıq, amansızlıq heç bir yerdə görünməyib.
Ulu öndər Heydər Əliyev Xocalı şəhidlərinin xatirəsini daim əziz tutur, xocalılılara diqqət və qayğı göstərirdi. Bu diqqət və qayğını davam etdirən Prezident İlham Əliyevin hər il Xocalı abidəsini ziyarət etməsi, ümumxalq yürüşlərində iştirakı və şəhidlərimizin xatirəsini anması bizə çox böyük mənəvi dayaqdır. Bu kədərli gündə Xocalıdan olan məcburi köçkünlər və şəhid ailələri ilə birlikdə olduqları üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdaram.

“Xocalı faciəsi müasir dünyanın gözü qarşısında törədilmiş böyük soyqırımı aktıdır”

Xalq şairi Nəriman Həsənzadə: 

Xocalı faciəsi müasir dünyanın gözü qarşısında törədilmiş böyük soyqırımı aktıdır. Bu faciə ilə bağlı beynəlxalq hərbi tribunal ədalətli qərar verməlidir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da mətbuata açıqlamalarında Xocalıda törətdiyi cinayəti etiraf etmişdi. Lakin təəssüf ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyə tələsmirlər. Erməni terrorçuları Xocalıda körpə, qadın, qoca demədən hər kəsi xüsusi qəddarlıqla qətlə yetiriblər. Bu da beynəlxalq təşkilatların daim haqqında danışdıqları insani dəyərlərin iflası deməkdir.

“Beş gün meşədə qaldıq, hər tərəfimiz düşmən idi”

Tibb bacısı Səadət Zeynalova:
Xocalı dəhşətləri mənim bir ömürlük dərdimdir. O gecə yaşananlar mənim gözlərim önündə baş verib. Qarlı-şaxtalı günlərdə beş gün Xocalı meşələrində qaldıq. Bizi mühasirəyə almışdılar, hara gedəcəyimizi bilmirdik, hər tərəfimiz düşmən idi.
Xocalı hadisələrindən danışmaq o qədər də asan deyil. Fevralın 25-dən 26-na keçən gecə neçə-neçə dinc, əliyalın sakin, qoca, qadın, uşaq qəddarlıqla qətlə yetirilib. Amma inanıram ki, Prezidentimizin rəhbərliyi ilə torpaqlarımızı geri qaytaracağıq. Xocalımıza geri dönmək dərdimizə məlhəm olacaq.

“Həmin gecə 200-dən çox insanın öldürüldüyünün şahidi oldum”

Xocalı sakini Tacir İsmayılov: 

Həmin gecə mən Xocalı aeroportunda Milli Qəhrəman Əlif Hacıyevin dəstəsində idim. Artıq 366-cı motoatıcı alayının zirehli texnikası və şəxsi heyəti Xocalını mühasirəyə almışdı. Əlimizdə olan silah və sursatla gecə yarısınadək vuruşa bildik. Ermənilər bütün yolları kəsmişdilər. Biz Əlif Hacıyevin göstərişi ilə əhalini Xocalıdan çıxartmağa başladıq. Əsgəranı keçib Şelli kəndinin bir kilometrliyinə çatanda yenidən mühasirəyə düşdük. Həmin gecə 200-dən çox insanın öldürüldüyünün şahidi oldum. Əlif Hacıyev mənim yanımda həlak oldu. Hər il fevralın 26-sı “Ana fəryadı” abidəsini ziyarət etməklə təskinlik tapırıq.

“Soyqırımın səhəri günü gördüklərimizdən dəhşətə gəldik”

Keçmiş döyüşçü Zahid Qarayev: 

Fevralın 25-dən 26-na keçən gecə düşmənin hücumunun qarşısını almağa çalışırdıq. Həmin gecə ermənilərin əhatəsindən 15 meyit, 30 yaralı, 280 nəfər çıxardıq. Səhəri gün bir də getdik və gördüklərimizdən dəhşətə gəldik. Ətrafa yüzlərlə insan cəsədi səpələnmişdi.
Prezident İlham Əliyev Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da “Xocalıya ədalət!” kampaniyası çərçivəsində mühüm işlər görür. İnanırıq ki, işğal altındakı torpaqlarımız dövlətimizin başçısının yürütdüyü uğurlu siyasət nəticəsində azad ediləcək. Biz həmin günü və öz doğma torpaqlarımıza geri dönməyi səbirsizliklə gözləyirik.

Xocalı faciəsi 2019-02-26 19:50:00