×
A
A
A
Sazlamalar

Sahibə Qafarova: Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin növbəti mərhələsidir

Bakı, 26 fevral, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və soyqırımı siyasətinin növbəti mərhələsini təşkil edən Xocalı soyqırımından 27 il ötür. Hər il olduğu kimi, bu il də həmin faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib və icra olunur. Bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın hər yerində, həmçinin dünyanın bir çox dövlətlərində müxtəlif tədbirlər keçirilir, soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. Bu gün keçirilən ümumxalq yürüşü də bu mənada böyük əhəmiyyətə malikdir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.
Deputat bildirib ki, Xocalı soyqırımı ermənilər tərəfindən uzun müddət planlaşdırılaraq ən qəddar üsullarla həyata keçirilən, konkret məqsədlərə xidmət edən böyük cinayətdir. Ermənilər Xocalıda dəhşətli faciələr törətməklə Azərbaycan xalqını sarsıdaraq onun suverenlik əzmini qırmaq, ərazi bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirərək bədnam "böyük Ermənistan" ideyasını reallaşdırmaq niyyəti güdüblər. Həmin soyqırımına rəhbərlik edən, sonradan Ermənistanda hakimiyyəti ələ keçirmiş kriminal ünsürlər də bir çox media orqanlarına müsahibələrində və çıxışlarında bunu etiraf ediblər.
Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyətin birbaşa Ermənistanın o zamankı və sonrakı rəhbərliyinin, həmçinin Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşdüyünü xatırladan Sahibə Qafarova deyib: “Təəssüf ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımı faktına həmin dövrdə ölkəmizə rəhbərlik edən siyasi qüvvələr layiqli qiymət verməyib, bu faciənin dünya ictimaiyyətinə dolğun və obyektiv çatdırılması üçün iş görülməyib. Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli soyqırımının əsl mahiyyətini açıqlayıb, 1994-cü ilin fevralında Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Hazırda bu soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisəyə layiqli hüquqi qiymətin verilməsi istiqamətində tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycan Prezidentinin göstərişi ilə hər il Xocalı soyqırımının ildönümü ilə bağlı genişmiqyaslı tədbirlər keçirilir. Bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Həmçinin Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xidmətləri xüsusilə təqdirəlayiqdir. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə Fondun təşkilatçılığı ilə keçirilən tədbirlər, mühüm elmi-praktik konfranslar, nəşr olunan kitab və bukletlər Xocalı soyqırımı haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rola malikdir”.
Sahibə Qafarova xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının əhəmiyyətini vurğulayaraq bildirib ki, faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir. Görülən işlərin məntiqi nəticəsidir ki, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanıyıblar. ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. Təbii ki, beynəlxalq təbliğat kampaniyasının uğurla davam etdirilməsi Xocalıda baş verən soyqırımını tanıyan, erməni vandalizminə müvafiq hüquqi-siyasi qiymət verən dövlət və təşkilatların sıralarının yaxın gələcəkdə daha da genişlənəcəyini söyləməyə əsas verir. Prezident İlham Əliyev də əminliklə bildirib ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Bu gün ölkəmizdə şəhid ailələrinə çox böyük diqqət və qayğı göstərildiyini bildirən S.Qafarova deyib ki, Azərbaycan bu sahədə bir çox dövlətlər üçün müsbət nümunə kimi çıxış edir. Azərbaycanın dövlət başçısı İlham Əliyevin 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra imzaladığı ilk Fərman məhz şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən müvafiq kateqoriyadan olan 10 minə yaxın şəhidin vərəsəsinə on bir min manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Fərman Prezident İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Dövlət başçısının 2019-cu il 28 yanvar tarixdə imzaladığı digər bir Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Hazırda müvafiq kateqoriyadan olan hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi uğurla həyata keçirilir. Eyni zamanda, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının da davamlı olaraq diqqət mərkəzində saxlanıldığını söyləyən Milli Məclisin deputatı qeyd edib ki, indiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil verilib. Təkcə 2018-ci ildə şəhid ailələrinə 626 mənzil təqdim olunub. Cari ilin sonunadək isə daha 800 mənzilin dövlət vəsaiti hesabına alınaraq şəhid ailələrinə verilməsi nəzərdə tutulub. Müharibə əlillərinə avtomobillərin verilməsi də ənənə halını alıb. Ötən il Qarabağ müharibəsi əlillərinə 265 avtomobil verilməklə, bütövlükdə bu kateqoriyadan olan vətəndaşlara təqdim olunan avtomobillərin ümumi sayı 6144-ə çatdırılıb.

Xocalı faciəsi 2019-02-26 19:13:00