×
A
A
A
Sazlamalar

Xocalı sakinlərinə qarşı törədilən vəhşiliklər Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsidir

Ağcabədi, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC 

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da dərin hüznlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin 27-ci ildönümü münasibətilə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları, rayondakı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, “N” saylı hərbi hissənin əsgərləri Şəhidlər xiyabanına gələrək, buradakı abidə kompleksi önünə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq Xocalıya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Bildirilib ki, Xocalı şəhərinin sakinləri yalnız azərbaycanlı olduqları üçün kütləvi qırğına məruz qalıb. Erməni silahlılarının Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklər onu deməyə əsas verir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsidir.
Mərasimdə Xocalı faciəsinə həsr edilmiş kompozisiya nümayiş olunub.

Regionlar 2019-02-26 18:04:00