×
A
A
A
Sazlamalar

Cənub bölgəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə anılıb

Astara, 26 fevral, Bağır Əliyev, AZƏRTAC 

Fevralın 26-da ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbirlərində faciə qurbanlarının xatirəsi dərin hüznlə yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə veteranları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin təmsilçiləri Şəhidlər abidə-kompleksinin, burada uyuyan qəhrəmanların məzarları önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini dərin hüznlə anıblar.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.
Rayon icra hakimiyyətinin məsul işçisi, “Xocalım - ağrım mənim” kitabının müəllifi Mərasim Hacızadə bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366 saylı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçiriblər. İşğalçılar Xocalını darmadağın edib, dinc əhalini xüsusi amansızlıqla öldürüblər. Belə ki, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış Xocalı şəhərinin sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Diqqətə çatdırılıb ki, Xocalı faciəsinə hüquqi və siyasi qiymət ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır.
Qeyd olunub ki, Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması istiqamətində uğurla fəaliyyət göstərir. Məhz Fondun fəaliyyəti nəticəsində indi dünya ölkələri erməni qəsbkarlarının iç üzünü tanıyır, onlar Azərbaycan həqiqətləri barədə daha dolğun məlumatlandırılır.
Bir sıra ölkələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının məqsədi də dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama hüquqi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Mərasim iştirakçıları abidə-kompleksinin önündə təşkil edilmiş Xocalı soyqırımından bəhs edən rəsm, foto və kitab sərgisi ilə tanış olublar.
Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

X X X

Astara Rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov bildirib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli və faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır.
Ş.Bayramov çıxışında Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq, həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği istiqamətində görülən işlərdən danışıb.
Astara Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Tural Eyvazov və Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıblar.
Tədbirdə soyqırımı hadisələrini əks etdirən videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.

X X X

Lənkəran şəhərində Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirə Parkındakı "Ana heykəli" qarşısında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, şəhər sakinləri abidə-kompleksi önünə tər qərənfillər düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar rayonun ali, orta-ixtisas və ümumtəhsil məktəblərində soyqırımına həsr edilmiş dərslər, rayonun idarə, müəssisə və təşkilatlarında, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil olunub.
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı”nın 27-ci ildönümünə həsr olunmuş “Bəşər tarixində izi qalan Xocalı qətliamı” mövzusunda anım mərasimi də keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova Xocalı soyqırımını törədənlərin tarix qarşısında cavab verəcəklərini bildirib.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Güloğlan Bağırov və Lənkəran Dövlət Universitetinin elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Məmmədov çıxışlarında Xocalı soyqırımını ermənilərin indiyədək bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərindən biri kimi qiymətləndiriblər.
Tədbirin sonunda “Xocalı harayı” mövzusunda məktəblilərin inşa müsabiqəsinin, Mərkəzin rəsm studiyasının istedadlı üzvlərinin rəsm əsərlərinin qalibləri diplomlarla mükafatlandırılıblar.
Xocalı soyqırımının 27-ci ildönümü Lənkəran Dövlət Universitetində (LDU) də anılıb.
Fevralın 26-da LDU-nun bütün fakültələrində ilk dərslər Xocalı faciəsinə həsr edilib. Universitetin kitabxanasında faciənin dəhşətlərindən bəhs edən kitab, məcmuə, qəzet və fotolardan ibarət sərgi təşkil olunub.
Səhər saatlarında LDU-nun kollektivi şəhərin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış kompleksi ziyarət edərək, abidə önünə tər qərənfillər düzüblər.
Anım mərasimi “Xocalı soyqırımı - Unutmadıq! Unutmarıq!” adlı tədbirlə davam etdirilib.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxış edərək 27 il əvvəl baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla yazılmış səhifə adlandırıb, qətliamı törədənlərin hələ də layiqli cəzalarını almadığını deyib.
Universitetin tarix və onun tədrisi kafedrasının baş müəllimi Həşim Kəlbiyev, Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının baş müəllimi Qədim Rufullayev məruzələrlə çıxış ediblər.
Anım tədbiri Xocalı qətliamına həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.

X X X

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar minlərlə Masallı sakini fevralın 26-da Bayraq Meydanından “Qəhrəmanlar parkı”na yürüş edib.
Mərasim iştirakçıları “Qəhrəmanlar parkı”ndakı abidənin önünə gül dəstələri qoyaraq, soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar.
Soyqırımı qurbanlarının ruhuna dualar oxunub, Xocalı faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

X X X

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Lerikdə “Bayraq” meydanından “Şəhidlər” abidə kompleksinə yürüş təşkil olunub.
Yürüşdə iştirak edən yüzlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar əks olunmuş plakatlar tutmuşdular.
Mərasim iştirakçıları “Şəhidlər” abidə-kompleksinin önünə tər gül-çiçək dəstələri düzərək, soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Anım mərasimində rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Əlipənah Bayramov çıxış edib, Xocalı faciəsinin acı nəticələrindən danışıb.
Sonra Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin şagirdlərinin ifasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

X X X

Xocalı soyqırımının 27-ci ildönümü Cəlilabad rayonunda silsilə tədbirlərlə qeyd olunub.
Fevralın 26-da Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Göytəpə şəhərində məskunlaşmış Xocalı şəhərindən olan məcburi köçkün Zakir Ələkbərovun ailəsi ilə görüşüblər.
Görüşdə çıxış edən Xocalı sakini Zakir Ələkbərov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonra Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbir iştirakçıları Mərkəzin foyesində təşkil edilmiş “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı anım tədbirlərinin keçirildiyini və Azərbaycan xalqının bu soyqırımı heç vaxt unutmayacağını vurğulayıb.
Sonda Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın və qocaların başına gətirilən müsibətlərdən, erməni vəhşiliyindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Cəlilabad Rayon Polis Şöbəsində də Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb.
Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev Xocalı soyqırımının erməni qəsbkarlarının azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Tədbirdə çıxış edənlər Xocalıda baş verən qırğınların Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu hadisənin heç vaxt unudulmayacağını diqqətə çatdırıblar.

X X X

Yardımlıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbirinin iştirakçıları Şəhidlər abidə-kompleksinin önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən, soyqırımından danışaraq, Xocalı faciəsini XX əsrdə törədilmiş ən qanlı cinayət kimi dəyərləndirib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində işğal altındakı torpaqlarımız, o cümlədən Xocalı şəhəri tezliklə azad olunacaq.

Xocalı faciəsi 2019-02-26 17:56:00