×
A
A
A
Sazlamalar

Xocalı insanlığa qarşı yönəlmiş cinayətdir

Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə anım tədbirləri keçirilir. Bu tədbirlərin yekunu olaraq Qubadlı rayon H.Quliyev adına Çaytumas kənd məktəb-liseyində ümumrayon tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Maliq İsaqovun, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi anım mərasimini liseyin direktoru, Əməkdar müəllim Şamama Həsənova açıb, Xocalı soyqırımının acı nəticələrindən danışıb.
Sonra Xocalı soyqırımının və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırımı haqqında videoçarx nümayiş olunub.
Tədbirdə qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum olunub, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilib.
Bildirilib ki, bu, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir. Xocalı soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Diqqətə çatdırılıb ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər təqdirəlayiqdir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəlmiş anım tədbirləri, 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət!" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir.
Tədbirdə məktəblilərin ifasında Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Regionlar 2019-02-26 17:57:00