×
A
A
A
Sazlamalar

Xocalı hadisələrinin şahidi: Faciədən 27 il ötür, ancaq məndə elə bir hiss var ki, bu hadisələr dünən baş verib

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsi ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş terror aktı və tarixdə bənzəri olmayan soyqırımıdır. Xalq zorakılıqdan qaçıb qurtulmaq istəyərkən əvvəlcədən qurulmuş pusqularda qətlə yetirilib. Xocalıya gecə vaxtı girib insanları yatdığı yerdə gülləbaran etdilər. Bu insanlığa sığmayan bir vəhşilikdir. Ermənilər tez-tez Xocalını atəşə tuturdular, hücum edirdilər. Camaat çoxdan çıxıb azad ola bilərdi. Amma qaçmırdılar.
Bunu AZƏRTAC-a müsahibəsində “Ana harayı” abidəsini ziyarət edən Xocalı hadisələrinin şahidi Şücayət Hüseynova deyib.
“Bu gün Xocalı faciəsindən 27 il ötür, ancaq məndə elə bir hiss var ki, bu hadisələr dünən baş verib. Ona görə ki, ermənilər bizim xalqımıza o qədər işgəncə və zülm ediblər ki, bu yaddan çıxası dərd deyil. Bu, sağalmaz bir yaradır, Azərbaycan xalqının ən ağrılı yarasıdır. Yeni nəsillər gəlsə də, Xocalı faciəsi unudulmayacaq. Gənc nəsillər tam bilmir ki, Laçın, Şuşa, Xocalı necə gözəl yerlərdir. Çox istərdim ki, elə biz sağ ikən Xocalı və bütün Qarabağda torpaqlarımız azad olunsun, biz də dədə-baba yurdumuza qayıdaq. Ermənilər bizi heç zaman başa düşmür. Biz mərhəmətli xalqıq, biz qan tökmək istəmirik. Bizim ölkəmizin torpaqlarımızı qaytarmağa gücü çatır, bunu hamı bilir. Ancaq bizim Prezidentimiz İlham Əliyev çox mərhəmətli insandır, o, istəmir ki, müharibə olsun, qan tökülsün, analar ağlasın, nə onların, nə də bizim. Lakin bizim səbir kasamız artıq daşır”, - deyə Ş.Hüseynova bildirib.

Xocalı faciəsi 2019-02-26 17:30:00