×
A
A
A
Sazlamalar

Bölgələrdə soyqırımı qurbanlarının xatirəsi anılıb

Ağsu, 26 fevral, AZƏRTAC

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ağsu şəhərindəki Qəhrəmanlıq kompleksində keçirilən anım mərasimində danışılıb. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çıxışında, eləcə də icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın məruzəsində və digər çıxışlarda Xocalı soyqırımından, bu qırğının dəhşətli nəticələrindən bəhs olunub.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də Xocalı soyqırımı haqqında qərar qəbul edib. Həmin qərarla hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi qeyd olunur.
Diqqətə çatdırılıb ki, geniş vüsət alan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq, dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ də öz hüquqi qiymətini almayıb.
Mərasimdə Xocalı sakini Əmrah Məmmədov çıxış edərək o qanlı gecənin dəhşətlərindən, ermənilərin insanlıq adına yaraşmayan vəhşiliklərindən danışıb.
Sonda Qəhrəmanlıq kompleksində və Şəhidlər xiyabanında Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin abidəsi önünə əklil və çiçəklər qoyulub.

X X X

Qobustanda Xocalı faciəsinin 27-ci ildönümü silsilə tədbirlərlə qeyd olunub.
Fevralın 26-sı səhər saatlarında mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Qobustanda məskunlaşan Xocalı sakini, o dəhşətli gecədə həyat yoldaşını və iki oğlunu itirən Narxanım Məmmədovanın müvəqqəti məskunlaşdığı evə gedib, onun qayğıları ilə maraqlanıblar.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən anım mərasimində əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, eləcə də digər çıxış edənlər Xocalı faciəsinin dəhşətlərindən danışıb, bu soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırıblar.
Qeyd edilib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Əminliklə vurğulanıb ki, Xocalı qətliamının təqsirkarları öz haqlı cəzalarına çatacaq, Azərbaycan xalqının işğal altındakı torpaqları təcavüzkarlardan azad ediləcək.
Anım mərasimində Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub.

X X X

İsmayıllıda Xocalı soyqırımının 27-ci ildönümü “Soyqırımı - Ana harayı” abidəsini ziyarətlə başlayıb.
Fevralın 26-da səhər saat 8-dən başlayaraq şəhərin mərkəzi meydanına toplaşan minlərlə İsmayıllı sakini əllərində faciə səbəbkarlarını lənətləyən, gəncləri mübarizəyə səsləyən plakatlar tutaraq, soyqırımı abidəsinədək yürüş ediblər.
Rayon rəhbərliyi, yürüş iştirakçıları abidənin önünə əklil və tər qərənfillər düzüblər.
Yürüş-ziyarətdən sonra şəhər Mədəniyyət mərkəzində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

X X X

Göyçayda Xocalı soyqırımının 27-ci ildönümü rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə kütləvi tədbirlərlə qeyd olunub.
Anım mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova soyqırımının başvermə səbəbləri, dəhşətli nəticələri barədə ətraflı məlumat verib. Vurğulayıb ki, 27 il əvvəl fevralın 25-dən 26-na keçən gecə aralarında qadınların, uşaqların, qocaların da olduğu 613 nəfərin amansızcasına qətlə yetirilməsi nəinki azərbaycanlılara, bəşəriyyətə qarşı ağır cinayətdir.
Çıxışlarda Xocalı barədə həqiqətlərin dünya miqyasında tanıdılması məqsədilə böyük iş aparıldığı söylənilib, bu sahədə Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüs ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Sonda rayon mədəniyyət mərkəzi kollektivinin ifasında kompozisiyalar, Xocalı faciəsi haqqında videoslaydlar nümayiş etdirilib, faciə qurbanlarının xatirəsinə həsr olunan film göstərilib.

Xocalı faciəsi 2019-02-26 17:23:00