×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı bəşəriyyət tarixinin ən qanlı faciələri ilə bir sırada dayanır

Daşkəsən, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC

Daşkəsəndə ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, 27 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada dayanan soyqırımı törədiblər. Həmin gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın köməyi ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə dörd bir tərəfdən hücum ediblər. Dinc mülki əhali, uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə öldürülüb.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyev verib. Belə ki, 1994-cü ildə Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib. Həmin qərarla fevralın 26-sı Xocalı soyqırımı günü kimi qəbul olunub.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə təşkil edilən və faciə həqiqətlərinin yayılmasına yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində işləri daha da sürətləndirib.

Xocalı faciəsi 2019-02-26 16:35:00