×
A
A
A
Sazlamalar

Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Gəncə, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumşəhər tədbiri Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə 2”-də, “Xocalı” abidəsinin önündə keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyublar.
Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.
Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra gənc rəssamların özündə Xocalı faciəsinin dəhşətlərini əks etdirən əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirin yekununda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Xocalı sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Regionlar 2019-02-26 16:30:00