×
A
A
A
Sazlamalar

Misir mətbuatında Xocalı soyqırımı barədə məqalələr dərc edilib

Qahirə, 26 fevral, AZƏRTAC

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik “Əl-Əhram”, “Əl-Cumhuriyyə”, “Əl-Əxbar”, “Əl-Dustur”, “Əl-Fəcr”, “Al-Masriyya”, “Əl-Omah”, “El-Balad”, “Qalyubiyanews”, “Gotnewsnow” və s. qəzetlərində dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi ilə torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma torpaqlarından didərgin salınması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində baş vermiş ən qanlı Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.
1992-ci il fevralın 26-da SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində soyqırımı törədildiyi, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1275 xocalılının əsir alındığı və 150-sinin itkin düşdüyü diqqətinə çatdırılıb, soyqırımından əvvəl baş vermiş hadisələr və həmin faciənin nəticələri barədə müfəssəl məlumatlar təqdim edilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı dörd qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərarların qəbul edildiyini bildirib, lakin onların Ermənistan tərəfindən icra olunmadığını vurğulayıb. Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırımına hüquqi və siyasi qiymətin verildiyi qeyd edilib.
Müəllif Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunun normalarını, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyini önə çəkib, Ermənistandan məsuliyyətdən boyun qaçırmamalı, münaqişənin həlli qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə ümid olduğunu vurğulayıb.

 

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xocalı faciəsi 2019-02-26 16:19:00