×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 27-ci ildönümü ədliyyə orqanlarında yad edilib

Bakı, 26 fevral, AZƏRTAC

İki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olan Xocalı faciəsindən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq normalarını pozaraq, şəhərə zirehli texnika yeridib, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar. Bu qanlı qırğın zamanı yüzlərlə insan qətlə yetirilib və ağır yaralanıb, mindən çoxu girov götürülüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyqırımının 27-ci ildönümü ilə əlaqədar nazirlikdə və struktur qurumlarda keçirilmiş anım tədbirlərində Xocalı faciəsinin sülh və bəşəriyyət əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib, bu qanlı hadisəyə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.
Yığıncaqlarda bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm addımların atıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə məqsədyönlü və ardıcıl tədbirlərin keçirildiyi, bu baxımdan “Xocalıya ədalət!” kampaniyasının önəmi xüsusilə qeyd edilib.
Nazirlikdə Xocalı soyqırımından bəhs edən müxtəlif dillərdə çap olunmuş nəşrlər, habelə kinozalda filmlər, foto və videomateriallardan ibarət slaydlar nümayiş etdirilib. Ədliyyə Akademiyasında “Sülh və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin cəzalandırılması məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

Xocalı faciəsi 2019-02-26 16:09:00