×
A
A
A
Sazlamalar

Erməni əsirliyində olan Xocalı sakini: Qızımı boynumdakı şərflə boğmaq istəyəndə, yalvardı ki, onu öldürməyim...

Goranboy, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Xocalıda baş verən soyqırımından 27 il keçir. Soyqırımının qəlblərdə açdığı dərin yaralardan hələ də qan axır... O dəhşətli gecənin şahidləri erməni terrorçuları tərəfindən törədilən həmin qətliamın ağrı-acısı ilə yaşayırlar. Onlardan biri də Xocalı soyqırımının şahidi, bir həftə erməni əsirliyində qalan Rahilə Hacıyevadır.
O, AZƏRTAC-ın bölgə müxbirinə başına gələn müsibətləri göz yaşları içində danışır: -Həyat yoldaşım Vidadi hərbçi idi. Doğma Xocalımızı erməni quldurlarından qorumaq üçün gecə-gündüz cəbhədə olurdu. Fevralın 25-dən 26-na keçən gecə qarlı, şaxtalı hava vardı. Zülmət gecənin səssizliyini ermənilərin atdıqları güllələr, artilleriya səsi pozdu. Hər tərəfdən hücuma keçmişdilər. Biz 9 nəfər idik - üç uşağım, baldızım, Ayxan adlı polis, onun yoldaşı Fatimə və iki uşağı. Ayxan gəlib dedi ki, “Vidadi mənə 6 güllə verib ki, ermənilərə əsir düşməyəsiniz deyə sizi öldürüm. Amma siz 9 nəfərsiniz, heç birinizə güllə ata bilmirəm”. Düşündüm ki, uşaqlarımı öldürüm, Ayxan da 6 güllə ilə bizi öldürər. 10 yaşlı qızımı boynumdakı şərflə boğmaq istəyəndə, yalvardı ki, onu öldürməyim. Dayana bilmədim, hönkürtü ilə ağladım. Sonra evin yuxarı mərtəbəsindəki hamamda gizləndik. Ermənilər evlərin pəncərəsindən içəri qumbara atır, partlayışdan sonra evləri ələk-vələk edirdilər. Yuxarıdan ağlaşma səsini eşidib, bizi tapdılar və əsir götürdülər. O gecə ölənədək yadımdan çıxmaz. Mənə verdikləri işgəncələri, zülmləri heç vaxt unutmaram. Ayxanı elə döydülər ki... Həyat yoldaşının adı Fatimə idi. Ayxanı döydükcə onun qanını yoldaşına sildirirdilər. Onun son sözü bu oldu ki, “Məni bağışla Rahilə, Vidadinin istəyini yerinə yetirə bilmədim...” Gözümüzün qarşısında onun başını kəsdilər. Fatiməni isə özləri ilə apardılar. Uşaqları bizimlə qaldı...
Sonra bizi maşına mindirib Əsgəran istiqamətinə apardılar. Maşın yolda dayandı. Ermənilər yeni ailə quran, Xankəndidən olan iki azərbaycanlı gənci yolun ortasında mühasirəyə almışdılar. Onlar ər-arvad idilər. Oğlanın həyat yoldaşı hamilə idi. Erməni əsgərləri azərbaycanlı oğlanı lağa qoyurdu. Bıçaqla hamilə qadının qarnını yardılar, uşağı çıxardılar. Oğlan qışqıraraq özünü yoldaşının üstünə atanda, onu da alnından vurdular. Mən orada huşumu itirdim, gözümü açanda gördüm ki, padvaldayam, çoxlu əsirlər var. Onlar azərbaycanlı əsgərlər və dinc sakinlər idi. Bizim əsgərlərdən biri məni tanıdı. Dedi ki, “Vidadi də buradadır, ağır yaralıdır. Padvalda sol tərəfdə olan qapıdan xəlvət bax, oradadır. Amma onu tanıdığını demə. Yoxsa onu sənin gözünün qarşısında öldürəcəklər”. Bəhanə ilə həmin qapıya yaxınlaşdım və gördüm ki, yoldaşım al-qanın içindədir, ayağından yaralıdır. Yanındakı erməni nəzarətçi tez-tez ayağının yarasını tapdalayır, onu incidirdi.
Nə qədər zülm etsələr də Vidadini tanıdığımı boynuma almadım. Uşaqlara da öyrətdim ki, boynunuza almayın. Üç gündən sonra yoldaşımı aparıb erməni qəbri üstündə başını kəsdilər. Orada çoxlu azərbaycanlı əsgərlərin başını kəsərək, buldozerlə yerə basdırırdılar. Bunların hamısının şahidi olmuşam.
Sonradan bizi erməni hərbçisinin meyidi ilə dəyişdilər. O gündən bəri yoldaşımın meyidini ala bilmədik. Əsir düşməsin deyə boğmaq istədiyim, amma qıymadığım qızım, nişanlı qız olan baldızım da o dəhşətlərə dözmədilər, əsirlikdən qayıtdıqdan sonra rəhmətə getdilər.

 

Xocalı faciəsi 2019-02-26 15:48:00