×
A
A
A
Sazlamalar

Xocalı qətliamı terrorun Ermənistanın dövlət siyasətinə çevrilməsinin sübutudur

Neftçala, 26 fevral, Mahir Babayev, AZƏRTAC

Xocalı soyqırımının 27-ci ildönümü Neftçala, Biləsuvar və Salyanda da dərin hüznlə qeyd olunub, şəhidlərin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçalada Xocalı soyqırımı ilə bağlı keçirilən anım mərasimi şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən başlanıb. Rayonun yüzlərlə sakini, icra strukturlarının rəhbərləri abidə önünə gül dəstələri düzərək, şəhid xocalılıların xatirəsinə ehtiramlarını bildiriblər.
Bu dəhşətli hadisədən 27 il ötsə də, xalqımızın Xocalı yarası hələ də sızıldayır. Qətliamın qurbanlarının xatirəsini ehtiramla yad edən neftçalalılar təəssüf hissi ilə bildiriblər ki, dünya təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətə hələ də lazımi reaksiya vermir və bu səbəbdən insanlıq tarixində yeni-yeni faciələr yaşanır.
Sonra rayondakı Heydər Əliyev Mərkəzində məktəblilərin Xocalı qətliamına həsr etdikləri rəsm əsərlərinə baxış olub. Özfəaliyyət kollektivlərinin təqdim etdiyi "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya mərasim iştirakçılarını bir daha o ağır günlərə qaytarıb.

X X X

Xocalı soyqırımı qurbanlarının xatirəsi Biləsuvardakı Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri ilə anılıb.
Əvvəlcə mərkəzin foyesində faciədən bəhs edən əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti, zaman-zaman törətdiyi qanlı terror aktları barədə məlumat verib. Bildirilib ki, terror Ermənistanın dövlət siyasətinə çevrilib və Xocalı qətliamı da onun acı nəticələrindən biridir. Xocalı faciəsi qan yaddaşımızdır və bu faciədən bütün dünya ibrət dərsi götürməlidir.
Digər çıxış edənlər Xocalıda erməni cəlladlarının törətdikləri vəhşiliklərdən danışıb, soyqırımının günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarını almalarını tələb ediblər.
Sonra Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib.

X X X

Salyanda da Xocalı faciəsinin 27-ci ildönümü bir sıra tədbirlərlə anılıb.
Əvvəlcə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının abidə kompleksi önünə gül dəstələri düzüblər. Sonra Milli Qəhrəman Nazim Babayevin büstü ziyarət olunub, Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Anım mərasimi məktəblilərin təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Regionlar 2019-02-26 15:23:00