×
A
A
A
Sazlamalar

Keçmiş döyüşçü: Qaraqaya yaxınlığında amansız qətliamın şahidi olduq

Ağdam, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Üç istiqamətdən hücuma məruz qalan Xocalının təxminən 2500 sakini – qocalar, qadınlar, uşaqlar Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edilib, əsrin faciəsi törədilib.
Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub. Keçmiş döyüşçü, Ağdamın Saybalı kənd sakini Cəfər Nuriyev AZƏRTAC-ın müxbiri ilə söhbətində 27 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışaraq deyib: “Fevralın 25-dən 26-na keçən gecə Xocalıdan rabitə vasitəsilə ermənilərin şəhərə hücuma keçməsi ilə bağlı məlumat gəldi. Rabitə əlaqəsi zamanı Xocalı sakinləri təcili kömək istəyirdilər. Cəbhəni yarıb xocalılılara kömək etmək üçün Əsgəran istiqamətinə yollandıq. Ermənilər Ağdama gedən yolda post qurmuşdular, ona görə camaat dəstələr halında müxtəlif istiqamətlərdə qaçıb canını qurtarmağa çalışırdı. Fevralın 26-sı səhər tezdən Qaraqaya yüksəkliyinə çatanda artıq Ağdamdakı “Qarabağ şahinləri” taborunun könüllüləri buradakı erməni postunu ələ keçirmişdi. Başqa bir dəstə isə Qarqar çayı ilə gedib düşmənlə döyüşə-döyüşə Xocalı sakinlərini gətirirdi. Qaraqaya yaxınlığında biz amansız qətliamın şahidi olduq. Erməni cəlladları Xocalıdan Ağdama qaçan insanları vəhşiliklə qətlə yetirmişdilər. Bir cavan oğlanın sinəsini balta ilə yarmış, bir kişinin başını kəsmişdilər. Ayağı bağlanmış halda olan bir qadını isə bıçaqla deşikləyib işgəncə ilə qətlə yetirmişdilər... Həmin dəhşətli mənzərəni sözlə ifadə etmək çətindir. Qətliamı törətmiş erməni silahlıları ilə döyüşüb, bir çoxunu məhv etdik. Yaxınlıqdakı erməni postu alındığı üçün digər sakinləri oradan Ağdam istiqamətinə aparmaq mümkün oldu. Sonra məlumat gəldi ki, bir qrup Xocalı sakini donuz fermasında qalıb. Fermaya yollandıq, əsasən qadın, qoca və uşaqlardan ibarət 70-dən çox insanı xilas etdik. Hamısı vahimə, qorxu və həyəcan içində idi. Sonra isə gedib Abdal Gülablı kəndi istiqamətində hərəkət edən sakinləri qarşıladıq”.
Sonda Cəfər Nuriyev düşmənin Aprel və Günnüt zəfərlərindən dərs aldığını, Azərbaycan Ordusundan qorxduğunu bildirərək, torpaqlarımızın tezliklə azad olunacağına, şəhidlərimizin qisasının alınacağına əminliyini ifadə edib.

Regionlar 2019-02-26 13:51:00