×
A
A
A
Sazlamalar

Aida Əliyeva: Hər il şagirdlərlə birgə Xocalı parkına gələrək “Ana harayı” abidəsini ziyarət edirik

Bakı, 26 fevral, AZƏRTAC

Biz 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımını unutmuruq. Hər il şagirdlərimizlə birgə Xətai rayonundakı Xocalı parkına gələrək “Ana harayı” abidəsini ziyarət edirik. Artıq bir həftədir məktəbdə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirir, inşa yazı və şeir müsabiqələri təşkil edirik. Şagirdlərlə birlikdə bu abidəni ziyarət etmək silsilə tədbirlərin davamıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edən Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 69 saylı tam orta məktəbin direktor müavini Aida Əliyeva bildirib.
O deyib ki, 27 il keçməsinə baxmayaraq, Xocalı qətliamı heç vaxt yadımızdan çıxmayacaq. 1992-ci il fevralın 26-sı bizim tariximizə qanla yazılmış bir tarixi səhifədir. Bu faciə bəşər tarixində ən qanlı cinayətlərdən, XX əsrin ən qanlı faciələrindən biridir. Biz bu hadisələr haqqında şagirdlərimizə daim ətraflı məlumat verir və gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsinə çalışırıq. Məktəbdə təhsil alan şagirdlərə Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu aşılayırıq. Onlarda öz doğma torpaqlarımızı azad edəcəyimizlə bağlı inam daha da möhkəmlənir.
Direktor müavini əlavə edib ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində dövlətimiz tərəfindən genişmiqyaslı işlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

Xocalı faciəsi 2019-02-26 13:47:00