×
A
A
A
Sazlamalar

Erkin İsgəndərov: Azərbaycan sahibkarları Özbəkistan iqtisadiyyatına daha fəal investisiya yatırımı edə bilərlər

Bakı, 23 fevral, AZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2019-cu ili ölkədə “Fəal investisiya və sosial inkişaf ili” elan edib. Bununla əlaqədar ölkəyə investisiya cəlb edilməsi və sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi ilə bağlı qarşıya vəzifə qoyulub. Biz Azərbaycana səfərimiz çərçivəsində sahibkarlarla, tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən iş adamları ilə, memarlarla görüşlər keçirdik və onları Özbəkistana investisiya yatırmağa dəvət etdik. Azərbaycan sahibkarları Özbəkistan iqtisadiyyatına daha fəal investisiya yatırımı edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Özbəkistanın tikinti nazirinin müavini Erkin İsgəndərov deyib.
Nazir müavini bildirib ki, Özbəkistan nümayəndə heyətinin Bakıya səfərinin məqsədi Azərbaycanın şəhərsalma və tikinti sahəsindəki təcrübəsini öyrənmək, həmçinin şəhərsalma, memarlıq və tikinti fəaliyyəti üzrə həyata keçirilən dövlət siyasəti, qanunvericilik, idarəetmənin təşkili və dövlət tənzimləməsi sahələrində fəaliyyət ilə yaxından tanış olmaqdır. “Biz bu gün memorandum imzaladıq. Bu sahədə Azərbaycanla gələcəkdə də sıx əməkdaşlıq qurmağı planlaşdırırıq. Ölkələrimiz arasında dostluq əlaqələri daha da genişlənməlidir. Təkcə Orta Asiyanın deyil, bütün dünyanın inci şəhərlərindən biri olan Bakının memarlıq abidələri bizi heyran etdi. Bizim burada öyrənəcəyimiz bir çox məsələlər var”, - deyə nazir müavini əlavə edib.

Biznes 2019-02-23 13:32:00