×
A
A
A
Sazlamalar

“SOCAR Polymer”: Bu il 140-150 min ton polipropilen və 80-100 min ton yüksəksıxlıqlı polietilen istehsal ediləcək VİDEO

Sumqayıt, 22 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Cari ildə “SOCAR Polymer” layihəsi üzrə 140-150 min ton polipropilen və 80-100 min ton yüksəksıxlıqlı polietilen istehsal olunacaq.
AZƏRTAC xəbər verir ki, fevralın 22-də bir qrup jurnalist Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin fəaliyyəti ilə tanış olub. Media nümayəndələrinə bildirilib ki, ilkin mərhələdə illik istehsal gücü 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edən bu müəssisə son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir. Sumqayıt Kimya Sənaye Parkının 15 rezidentindən biri olan “SOCAR Polymer” üzrə ötən il polipropilen zavodunun açılışı olub. Layihəni həyata keçirilməsi üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” şirkətləri və digər şirkətlər cəlb edilib. Bu ay isə yüksəksıxlıqlı polietilen zavodu istismara verilib. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.
Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətlə tanışlıq zavodun idarəetmə mərkəzindən başlayıb. Zavodun tərkibində olan polimerizasiya, katalizatorun aktivləşdirilməsi əraziləri, orqanoleptik emal bölməsi, laboratoriya, qablaşdırma bölməsi, anbar və idarəetmə otağının fəaliyyətinə dair məlumat verilib.
Layihə çərçivəsində milli mühəndis kadrlarının ixtisaslarının artırılmasını təmin etmək məqsədilə vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və digər işçilər üçün Amsterdamda, Milanda və Mumbayda ixtisas kursları təşkil edib. Bundan başqa, ekoloji və sosial təsirlərin minimuma endirilməsi, zərərli maddələrin və maye tullantılarının zərərsizləşdirilməsi diqqət mərkəzində saxlanılıb.
“SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib ki, indiyədək təxminən 25 min ton polipropilen ixrac edilib. Bu il 140-150 min ton polipropilen və 80-100 min ton yüksəksıxlıqlı polietilen istehsal olunması nəzərdə tutulur. Gələn aydan yüksəksıxlıqlı polietilenin ixracına başlanacaq. Hazırda polipropilen əsasən Rusiya, Ukrayna, Belarus və Türkiyə bazarlarına satılır. Qarşıdakı aylarda isə Avropa, Çin və Hindistan bazarına ixrac nəzərdə tutulur. Yüksəksıxlıqlı polietilenin ixracı da eyni istiqamətlərdə həyata keçiriləcək. Zavod yaxın aylarda tam gücü ilə işləməyə başlayacaq.

Regionlar 2019-02-22 19:19:00

Video